İqtisadiyyat və Sənaye Nazirliyi Aqrar sənaye üzrə İşçi Qrupunun ilk iclasını keçirib

İqtisadiyyat və Sənaye Nazirliyi Aqrar sənaye üzrə İşçi Qrupunun ilk iclasını keçirib
# 04 iyul 2014 15:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi Aqrar sənaye üzrə İşçi Qrupunun ilk iclasını keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda qida, içki və tütün istehsalı sahəsində fəaliyyət göstərən 15 şirkətin nümayəndəsi iştirak edib. İclas zamanı şirkət nümayəndələri təmsil etdikləri müəssisələr haqqında məlumat verib, sahənin inkişafına dair müxtəlif təkliflər irəli sürüblər.

İclasda həmçinin, hazır məhsulun ixrac imkanlarının genişləndirilməsi, qida məhsullarının dərin emalının artırılması, markalanmanın təşviqi, məhsulların rəqabətqabiliyyətinin yüksəldilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

İclasın sonunda Aqrar sənaye üzrə İşçi Qrupun növbəti iclasına qədər istehsalçılar tərəfindən təkliflərin təqdim olunması, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən isə bu təkliflərin təhlil edilərək müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda müxtəlif tədbirlərlə yanaşı, sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə sahə işçi qruplarının yaradılması nəzərdə tutulub. Bu sahədə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yüngül, ağac emalı və mebel istehsalı, kimya və əczaçılıq, aqrar, kompüter və elektron avadanlıqlar, metallurgiya, maşın və avadanlıq istehsalı və tikinti-inşaat materialları sənayesi üzrə 8 işçi qrupu yaradılıb. İşçi qrupların əsas məqsədi müvafiq sənaye sahələri üzrə mövcud vəziyyəti və tendensiyaları müzakirə etmək, sahə üzrə sənayenin inkişafına təsir edən amilləri nəzərdən keçirmək, müvafiq təkliflər hazırlamaq, müəssisələrarası əməkdaşlığı təşviq etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR