Qənirə Paşayeva AŞ baş katibi Yaqlanda suallar ünvanlayıb

Qənirə Paşayeva AŞ baş katibi Yaqlanda suallar ünvanlayıb
# 21 iyun 2016 12:29 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Avropa Şurasının (AŞ) baş katibi Tyorbörn Yaqland qurumun Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun toplantısında çıxış edib və qrup üzvlərinin suallarını cavablandırıb.

APA-nın Avropa müxbirinin xəbərinə görə, qrupun üzvü, Azərbaycan təmsilçisi Qənirə Paşayeva çıxış edərək AŞ baş katibinə bir neçə sual ünvanlayıb: “Siz millət vəkilləri qarşısında çıxışınızda söylədiniz ki, insan hüquqlarını müdafiə etmək bizim vəzifəmizdir və əlavə etdiniz ki, Avropa İnsan Haqları Məhkəməsi qərarlarının yerinə yetirilməsi üzv ölkələr tərəfindən məcburidir. Siz buna uyğun bir neçə misallar da səsləndirdiniz. Mən AİHM-nin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı qərarından danışmaq istəyirəm. Bilirsiniz ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından məcburi köçkün düşmüş bir qrup azərbaycanlının AİHM-ə müraciəti əsasında məhkəmə bir neçə ay əvvəl qərar çıxardı. Bu qərardan artıq bir neçə ay keçir, amma Ermənistan indiyədək bununla bağlı heç bir addım atmayıb. Siz AİHM qərarlarından danışanda bir neçə məsələyə toxunsanız da, təəssüf ki, bu məsələyə toxunmadınız. AİHM-in haqqında qərar çıxardığı o insanların da hüquqlarını müdafiə etmək sizin vəzifənizdir. Və sizin assabmleyanın yaz sessiyası başladığından bəri etdiyiniz çıxışlarda Ermənistandan AİHM qərarlarını yerinə yetirməyi tələb etdiyinizi xatırlamıram. “Çıraqov və digərləri Ermənistana qarşı” adlı AİHM qərarının yerinə yetirilməsi, bu insanların pozulan hüquqlarının müdafiəsi istiqamətində sizdən prinsipial mövqe gözləyə bilərikmi? O insanlar sizdən məhz bunu gözləyir. Sizə müraciət etmək istədiyim digər bir vacib problem Ermənistanın qeyri-qanuni olaraq girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlıdır. Siz hər dəfə bu məsələ gündəmə gələndə deyirsiniz ki, münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur, bizim qarışmağımızı istəmirlər, əlimizdə mexanizmlər yoxdur, bu istiqamətdə çalışıram və. s. Biz sizdən münaqişənin həllini soruşmuruq, cənab baş katib, biz sizdən konkret olaraq hüquqları Ermənistan tərəfindən tapdalanan, qeyri-qanunu saxlanılan azərbaycanlıların Ermənistan tərəfindən pozulan hüquqlarının müdafiəsi istiqamətində nələr edə biləcəyinizi soruşuruq və sizdən bunu istəyirik. Çünki AŞ məkanında yaşayan bütün insanlar kimi, o insanların da pozulan hüquqlarını qorumaq sizin vəzifənizdir. AİHM də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların sənədlərində vurğulanır ki, işğal etdiyi ərazilərdə baş verənlərə görə məsuliyyət Ermənistanın üzərinə düşür. Məsələyə məhz buradan yanaşaraq o insanların azadlığa çıxması üçün AŞ baş katibi kimi hansı addımları atacaqsınız?”

AŞ baş katibi T. Yaqlandın cavabı belə olub: “Sizin qaldırdığınız məsələləri anlayıram, ağır bir durumdur. Bu istiqamətdə çalışmağa davam edirəm. Təbii ki, söylədiyiniz və mənim də söylədiyim kimi, qanun önündə hər kəs bərabər olmalıdır və bərabərdir. AİHM-in bütün qərarlarının yerinə yetirilməsi məsələsində qərarlıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR