YAP sədrinin müavini: “Azərbaycan rəhbərliyinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən həllinə nail olmaqdır”

YAP sədrinin müavini: “Azərbaycan rəhbərliyinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən həllinə nail olmaqdır”
# 19 fevral 2013 19:27 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. “Azəraycanla Türkiyə arasında strateji əməkdaşlıq bütün sahələr üzrə hayata keçirilməkdədir və təbiidir ki, hərbi əməkdaşlıq bütövlükdə strateji əməkdaşlığın tərkib hissəsi kimi nəzərdən keçirilməkdədir”. APA-nın cənub bürosunun məlumatına görə, bunu Masallıda jurnalistlərlə müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov deyib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın hazırda faktiki olaraq müharibə vəziyyətində olduğunu bildirən YAP funksioneri ölkəmizin işğal olunmuş torpaqları daim geriyə qaytarmaq əzmini nümayiş etdirdiyini bildirib:”Təbiidir ki, biz torpaqlarımızı geriyə qaytaracağıq. Bu gün Azərbaycan rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi əsas qayə münaqişənin dinc yolla, qan tökülmədən həllinə nail olmaqdan ibarətdir. Amma əgər dinc yolla bu mümkün olmasa, təbiidir ki, münaqışəni həll etməkdən ötrü digər vasitələrdən və üsullardan istifadə ediləcək”.

Əli Əhmədov Azərbaycanın işğal altında olan torpaqlarını birmənalı şəkildə geriyə qaytarmaq, özünün ərazi bütövlüyünü təmin etmək məqsədilə çoxlu sayda, müxtəlif layihələrin həyata keçirildiyini də söyləyib:”Azərbaycan istər Türkiyə, istərsə də digər ölkələrlə müxtəlif əməkdaşlıq, o cümlədən hərbi əməkdaşlıq əlaqələri həyata keçirir. Güman edirəm ki, bütün bunların hamısı nəticə etibarı ilə Azərbaycanın işğal olunmuş torpaqlarının geriyə qaytarılmasını təmin edəcək”.

Ə.Əhmədov həmçinin ATƏT-nin Minsk Qrupunun həmsədri kimi Rusiyanın mövqeyinə də toxunub:”Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsınin nizama salınmaslnda, hesab edirəm ki, əhəmiyyətli mövqeyə malik olan ölkələrdən biridir. Minsk Qrupunun fəaliyyəti ilə əlaqədar Azərbaycan cəmiyyətində formalaşmış rəy, güman edirəm ki, hər kəsə məlumdur. Prinsip etibarı ilə biz Minsk Qrupunun fəaliyyətini heçə endirmirik, amma eyni zamanda Azərbaycan cəmiyyətində açıq şəkildə Minsk Qrupunun fəaliyyətindən ciddi narazılıqlar da mövcuddur. Əsas narazılıq ondan ibarətdir ki, münaqışə bu günə qədər öz həllini tapmayıb. Baxmayaraq ki, ATƏT-in Minsk Qrupu 20 ildən yuxarıdır fəaliyyət göstərir, amma Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş topraqlarının azad edilməsi istiqamətində hələ də ciddi, qətiyyətli addımlar atmayıb”.

YAP sədrinin müavini bu tənqidi fikirlərin Rusiya ilə yanaşı, eyni zamanda ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinə də şamil olunduğunu vurğulayıb: “Onu da qeyd etmək istəyirəm ki, Rusiya ilə Ermənistan arasındakı əməkdaşlıq kifayət qədər yaxın olduğu kimi, Rusiyanın Azərbaycanla da yaxın qonşuluq münasibətləri mövcuddur. Bu münasibətlər üçün kifayət qədər əsaslar var və müxtəlif sahələri əhatə edir. Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətləri nəticə etibarı ilə hər iki dövlətin, xalqın mənafeyinə xidmət edir. Düşünürəm ki, Ermənistanla Rusiya arasındakı yaxınlıq Rusiyanın Azərbaycanla mehriban qonşuluq münasibətlərinə əngəl törədə bilməz”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR