“Koreya Post” məcmuəsinin aprel buraxılışında Kəlbəcərin işğalına dair məqalə dərc olunub

“Koreya Post” məcmuəsinin aprel buraxılışında Kəlbəcərin işğalına dair məqalə dərc olunub
# 29 aprel 2013 12:43 (UTC +04:00)

Bakı – APA. “Koreya Post” jurnalının aprel sayında “Kəlbəcərin işğalından 20 il keçdi” başlıqlı məqalə nəşr olunub.

Azərbaycanın Cənubi Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə Kəlbəcərin tarixi, faydalı qazıntıları, Ermənistan tərəfindən işğalı və işğalın Kəlbəcərdə yaşayan azərbaycanlı əhali üçün nəticələrinə dair məlumatlara yer verilib.

Məqalədə Kəlbəcər Azərbaycanın ən gözəl şəhərlərindən biri kimi xarakterizə olunub və “Kəlbəcər” sözünün qədim türk dilindən götürülərək mənasının “çay üzərində” körpü olduğu bildirilib. Sonra Kəlbəcərin tarixinə toxunularaq, onun dünyanın ən qədim insan məskənlərindən biri olduğu göstərilib və bu ərazidə yaşamış ən qədim insanın yaşının 4 milyon ildən artıq olduğu vurğulanıb.

Məqalədə həmçinin Kəlbəcərin faydalı qazıntılarla, xüsusilə qızıl yataqları ilə çox zəngin olması, Söyüdlü zonasında 112,5 ton, Ağduzdağ və Tuxtun zonalarında isə 13 tondan artıq qızıl yataqlarının mövcudluğu, ötən 20 il ərzində Kəlbəcərin yerli Azərbaycan əhalisinin bu sərvətlərdən faydalana bilmədiyi vurğulanıb. Buna səbəb kimi isə Kəlbəcərin 2 aprel 1993-cü il tarixində erməni işğalçıları tərəfindən işğal edilməsi göstərilib.

İşğal nəticəsində 511 nəfər mülki şəxsin qətlə yetirildiyi, 321 nəfərin girov götürüldüyü və itkin düşdüyü, 58 minə yaxın əhalinin öz doğma yurd-yuvalarından didərgin düşdüyü, 130-a yaxın məntəqənin erməni işğalçıları tərəfindən ələ keçirildiyi bildirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana və 13 min şəxsi evin dağıdıldığı barədə ətraflı məlumat verilib.

Məqalənin sonunda beynəlxalq ictimaiyyətin Kəlbəcərin işğalına münasibətindən söz açılaraq, onun işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Kəlbəcər və digər işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan 822 saylı və digər 3 qətnamənin qəbul edildiyinə diqqət çəkilib, həmin qətnamələrin tələblərinin bu günə qədər yerinə yetirilmədiyi bildirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR