Eldar Mahmudov: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılması mümkün deyil”

Eldar Mahmudov: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılması mümkün deyil”
# 30 yanvar 2013 16:32 (UTC +04:00)

Bakı – APA. “Günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də öz həllini tapmayıb. Bu səbəbdən qurbanların sayı hər gün artır”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, milli təhlükəsizlik naziri Eldar Mahmudov komissiyanın yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin yekunlarına həsr olunmuş iclasda çıxışında deyib.

E. Mahmudov xatırladıb ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində hadisələr o qədər sürətlə baş verirdi ki, cəmiyyətdə böyük çaşqınlıq var idi: “Yaxınlarını itirmiş insanlar onları harada axtaracağını, kimdən soruşacağını bilmir, əzabları dözülməz həddə çatırdı. Yaranmış humanitar problemin həlli üçün vahid və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi zəruri idi. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradıldı. Bu iş sonralar da daim dövlətin diqqət mərkəzində oldu. Fəaliyyətə başladığı ilk günlərdən Komissiya Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində işləyib. Bu səmərəli əməkdaşlıq indi də davam edir”.

Nazir qeyd edib ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və etnik təmizləmə siyasəti barədə hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması işi daha da gücləndirilib, ardıcıl xarakter və geniş miqyas alıb.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğunu söyləyən E. Mahmudov, mövcud status-kvo dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkün olmadığını diqqətə çatdırıb. O, ölkə rəhbəri tərəfindən dövlət komissiyanın qarşısına qoyulmuş vəzifələrin icrası və müəyyən edilmiş strateji məqamların həlli üçün bundan sonra da intensiv çalışacaqlarını bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR