Sentyabrda region gənclərinin yaradıcılıq festivalları başlayacaq

 Sentyabrda region gənclərinin yaradıcılıq festivalları başlayacaq
# 30 avqust 2014 12:06 (UTC +04:00)

Bakı–APA. Gənclər üçün Təhsil Mərkəzi sentyabr ayının ilk ongünlüyündə Mingəçevir, Ağcabədi və Hacıqabulda ilk dəfə olaraq, gənclərin yaradıcılıq festivallarını təşkil edəcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gəncləri üçün yaradıcılıq laboratoriyası” adlı layihə çərçivəsində keçiriləcək festivalların əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, onların yaradıcı işə marağını oyatmaqdır.

Festivallara hazırlıq məqsədilə layihə heyəti 2 aya yaxın müddətdə sözügedən şəhər və rayonların gəncləri üçün yaradıcılıq laboratoriyası qurub, onlar üçün ayrılmış xüsusi məkanda praktik təlimlər, master klasslar, məşqlər təşkil edib.

Onu da qeyd etmək lazımdır ki, yaradılmış laboratoriyanın hər birinə davamlı olaraq, yeni və istedadlı gənclərin cəlb olunması, onların şəxsi inkişafı və təşəbbüskarlığının artırılması üçün müxtəlif tədbirlər, o cümlədən, müxtəlif oyunlar, müsabiqə və digər sosial aksiyalar keçirilmişdir.

Qeyd edək ki, festivallar çərçivəsində gənclər, özlərinin teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, musiqi və digər sahələrdə bacarıqlarını nümayiş etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR