Komitə sədri: "Qadınlar dövlət quruculuğu prosesindən kənarda qala bilməz"

Komitə sədri: "Qadınlar dövlət quruculuğu prosesindən kənarda qala bilməz"
# 03 mart 2015 09:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Cəmiyyət yalnız kişilərdən ibarət deyil. Əhalinin 50,2 faizini təşkil edən qadınlar dövlət quruculuğu prosesindən kənarda qala bilməz".

APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gənclərin peşə seçiminin gender aspektləri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda iştirakının təbliği hökumətin daim diqqətindədir.

Onun sözlərinə görə, bu gün bütün İslam dünyasında qadınlar qərar qəbuletmə və idarəetmədə aktiv iştirak edir: "Bu ölkələrin qadın nazirləri, səfir və diplomatları var. Bu da onu göstərir ki, müsəlman ölkələrində inkişaf var".

Komitə sədri qeyd edib ki, təhsil cəmiyyətin, təhsilli vətəndaş (istər qadın, istərsə də kişi) hər bir dövlətin inkişafının əsasını təşkil edir: “Məişət zorakılığına məruz qalan qadınlarla bağlı aparılan təhlillər bir daha təsdiq edir ki, az təhsilli və iqtisadi cəhətdən asılı olan qadınlar daha çox zorakılığa məruz qalır. Azərbaycanda gender aspektlərinin qorunması istiqamətində görülən işlər nəticəsində mühüm nəticələr əldə olunub. Belə ki, 2012-ci ilə qədər 85 rayon üzrə icra hakimiyyəti başçısının cəmi 35 qadın müavini var idi. 2014-cü ildə bu göstərici 78-ə yüksəlib. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28 faizədək artıb. Hazırda qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışırlar. Ümumi sahibkarlar arasında qadın sahibkarlarının xüsusi çəkisi 19 faizə çatıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR