Elmar Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun direktorunu qəbul edib

Elmar Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun direktorunu qəbul edib
# 08 aprel 2015 16:35 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun direktoru Mixael Georq Linki qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində qərəzli fəaliyyətinin ciddi təəssüf doğurduğunu diqqətə çatdırıb.

Sözügedən seçkilərdə ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun müşahidəçilərinin qərəzli və qeyri-obyektiv davranışları ilə fərqləndiklərini deyən nazir bu təsisatın müəyyən dairələrin əlində siyasi alətə çevrilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

E. Məmmədyarov yeni təyin olunmuş direktorun rəhbərliyi altında ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun daha müstəqil təsisat olacağına və üzv dövlətlərin ona bəslədiyi etimadı doğruldacağına inandığını qeyd edib.

Öz növbəsində M. Link Azərbaycana səfəri müddətində məhsuldar görüşlər keçirdiyini qeyd edərək, səsləndirilən məqamların ciddi surətdə nəzərə alındığını və təşkilatın Azərbaycanla institusional səviyyədə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR