Avstraliyanın Melburn şəhərində “Azərbaycan Evi”nin açılışı olub

Avstraliyanın Melburn şəhərində “Azərbaycan Evi”nin açılışı olub
# 13 iyun 2016 07:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin təşəbbüsü ilə yaradılmış “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”nın (Azerbaijani Cultural Association of Victoria- ACAV) təşkilatçılığı ilə Melburn şəhərində “Azərbaycan Evi”nin (Azerbaijani House) açılış mərasimi olub.

Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirə Viktoriya ştatının multikulturalizm məsələləri və eyni zamanda maliyyə naziri Robin Skot (Robin Scott), ştat hökümətinin multikulturalizm məsələləri üzrə kölgə naziri, xanım İnqa Peuliç (Inga Peulich), federal parlamentin Viktoriya ştatından olan millət vəkili, eyni zamanda Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Alan Qriffin (Alan Griffin), Azərbaycanın Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov, səfirliyin əməkdaşları, Melburn şəhərində yaşayan və təhsil alan azərbaycanlılar qatılıb.

Səfir R.Cəmşidov Avstraliyada ilk dəfə “Azərbaycan Evi”nin fəaliyyətə başlamasının çox əlamətdar hadisə olduğunu qeyd edib. O, “Azərbaycan Evi”nin məhsuldar fəaliyyət göstərməsi, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği və bu ştatda yaşayan Azərbaycanın diaspor nümayəndələrinin bu ev ətrafında sıx birləşməsi üçün səfirlik tərəfindən daim hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb.

Nazir R. Skot, millət vəkili A. Qriffin və kölgə naziri İ. Peuliç də çıxış edərək əlamətdar hadisə münasibətilə Melburn şəhərində yaşayan azərbaycanlıları təbrik ediblər.

Çıxışlarda bildirilib ki, iki yüzdən çox millətin yaşadığı Melburn şəhərində belə bir evin açılması şəhərin çoxmədəniyyətli simasına öz töhfəsini verəcək.

Daha sonra Azərbaycana dair videoçarxlar nümayiş etdirilib, milli mətbəx nümunələri, şirniyyat, içkilər təqdim olunub.

Tədbir zamanı “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”nın rəhbərliyi və idarə heyətinin tərkibinin formalaşdırlmasına dair səsvermə keçirilib.

Melburn şəhərində yaşayan azərbaycanlı, Viktoriya ştatının Xəzinə və Maliyyə Nazirliyinin əməkdaşı Rəşad Həsənov assosiasiyanın rəhbəri seçilib.

Qeyd edək ki, “Azərbaycan Evi”nin yerləşdiyi inzibati sahə 90-cı illərdə Azərbaycandan Avstraliyaya köçmüş iş adamı Aleksandr Zemlinski tərəfindən “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”na təmənnasız təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR