Heydər Əliyev Mərkəzində Fikrət Əmirova həsr olunmuş kitabın təqdimatı keçirilib

Heydər Əliyev Mərkəzində Fikrət Əmirova həsr olunmuş kitabın təqdimatı keçirilib
# 25 noyabr 2014 15:34 (UTC +04:00)

Bakı - APA. Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirova həsr olunmuş kitabın təqdimat mərasimi və konsert keçirilib.

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, Azərbaycan mədəniyyətinin yaşadılması, inkişafı və təbliği məqsədi daşıyan bu layihə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirə qatılanlar əvvəlcə Mərkəzdə bəstəkarın yaradıcılığını əhatə edən ekspozisiya ilə tanış olublar.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli layihənin əhəmiyyətindən söz açıb. Heydər Əliyev Fondunun çoxsaylı layihələri sırasında Azərbaycan mədəniyyətinin, tarixinin, musiqisinin təbliğinin xüsusi yer tutduğunu deyən A.Kərimli bu layihələr çərçivəsində xüsusi nəşrlərin hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasının önəmini vurğulayıb. Fikrət Əmirovun zəngin yaradıcılığına həsr edilmiş, tarixi mənbələr əsasında hazırlanmış kitab, CD və bəstəkarın əsərlərindən ibarət antologiyada sənətkarın yaradıcılığına bir töhfədir.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nəşrin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya musiqi ictimaiyyəti adından minnətdarlığını bildirib.

Bəstəkarın oğlu Cəmil Əmirov da layihənin reallaşdırılmasına görə Əmirovlar ailəsi adından Mehriban Əliyevaya təşəkkür edib.

Daha sonra tədbir iştirakçıları Fikrət Əmirovdan bəhs edən sənədli filmə baxıblar.

Qeyd edək ki, “Fikrət Əmirov” kitabı bəstəkarın şəxsi arxivi əsasında hazırlanıb. Nəşrə bəstəkarın “Sevil” operası və “Min bir gecə” baletinin CD-ləri, əsərlərindən ibarət antologiya daxildir.

Kitab Fikrət Əmirov musiqisinin köklərinin gedib çıxdığı Şuşa şəhərinin, XIX əsrin sonu-XX əsrin əvvəllərində oradakı musiqi mühitinin təsviri ilə başlayır. Hadisələr xronoloji ardıcıllıqla davam etdirilir, musiqiçi Əmirovlar sülaləsinin həyat və yaradıcılıq yolu izlənilir, Fikrət Əmirovun ölməz əsərlərinin yaranma tarixçəsi, onların ərsəyə gəlməsinə səbəb olmuş mədəni mühit əks etdirilir. Kitabda görkəmli bəstəkar və onun əsərləri haqqında müxtəlif dövrlərdə mətbuat orqanlarında dərc olunmuş rəylər, tanınmış şəxsiyyətlərin fikirləri də toplanıb.

Tədbirdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Fikrət Əmirovun əsərlərindən ibarət konsert də təqdim olunub. Orkestri bədii rəhbər və baş dirijor, xalq artisti Teymur Göyçayev idarə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR