BQP: Bankların reklam siyasətinə nəzarət artırılmalıdır

BQP: Bankların reklam siyasətinə nəzarət artırılmalıdır
# 08 aprel 2013 16:25 (UTC +04:00)

Bakı – APA. Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.

BQP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BQP başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti, yerli təşkilatların seçkilərə hazırlığı, eləcə də ölkə və dünya gündəmində yer alan müxtəlif məsələlər müzakirə edilib.


Siyasi Qurul Hesablama Palatasının son hesabatında büdcədə yeyinti və korrupsiya risklərinin olduğuna dair qənaətini ifadə edib: “Hesabatın bu və ya digər təşkilatlara aid hissələrində korrupsiya və yeyinti faktlarının olduğu dolayı yolla etiraf olunur. Bəzi təşkilatlarda tikinti və avadanlıqların mümkün hesab oluna bilən dəyərinin mövcud qaydalara uyğun müəyyən edilmədən, konkret hallarda isə təşkilatların maddi-texniki imkanları və ixtisaslaşma səviyyələri tam nəzərə alınmadan onlarla birbaşa müqavilə bağlanıb. Tender qanunvericiliyinin tələblərinə əməl olunmadan, ixtisaslaşmaya uyğunluq amili gözlənilmədən, eyni zamanda qiymətləri süni artırmaqla şirkətlərə işlər verilisə həm də bu cür tenderlərin “qalibi” hər il büdcədən azı yarım milyard manat vəsait alan eyni şirkət olursa, bu artıq korrupsiya risklərinin mövcudluğunun etirafıdır”.


Siyasi Qurul Milli Məclisdə Hesablama Palatasının son hesabatının qəbul edilməsi ilə bağlı verilən səsvermədə BQP başqanının tutduğu mövqeni təqdir edib.


İclas ölkədə uzun müddətli və dayanıqlı sabitliyin bərqərar edilməsi üçün real islahatlar aparılmasının zəruriliyini, vətəndaşların normal məvacibli məşğulluğunun təmin olunmasının vacibliyini qeyd edib: “Daxili gərginlik və xarici təzyiqlərin zərərsizləşdirliməsi üçün iqtidar da, müxalifət də, sıravi vətəndaş da ölkədə normal mühitin bərqərar olması üçün öhdəsinə düşəni etməli, təhlükənin dəf edilməsi üçün ölkədaxili dialoqun yaradılmasına öz töhfəsini əsirgəməməlidir. Yalnız bu yolla yaranmış problemləri daha sivil formada həllinə nail oluna bilər”.


Siyasi Qurul istehlak kreditləri sahəsində yaranmış vəziyyətin ağırlığına diqqəti çəkib: ”Son zamanlar insanların istehlak kreditlərindən istifadəsi daha da intensivləşib. Banklar əhalinin kreditdən istifadə etməyə məcbur qalmasından istifadə edərək, özlərinin reklam materiallarında potensial müştəriyə düzgün olmayan və ya natamam informasiyalar verirlər. Nəticədə məlumatsız və azsavadlı insanlar yüksək komisyon haqları və faizlərin girovuna çevrilir. İstehlakçıların hüquqlarını qorunmasında hələlik yeganə hüquqi akt olan ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbləri bank müştərilərinə şamil edilmədiyindən, insanların bu sahədə hüquqlarının qorunması üçün “İstehlak kreditləri haqqında” qanunun qəbuluna ehtiyac var. İclas buna görə qanunverici orqan olaraq Milli Məclisin bankların fəaliyyətinə nəzarəti həyata keçirməsinin və Mərkəzi Bankın “İstehlak kreditləri haqqında” qanun layihəsinin hazırlanmasında yaxından iştirak etməklə yanaşı, bankların reklam siyasətinə nəzarəti gücləndirməyin vacibliyini vurğulayıb.


Sonda Siyasi Qurul İbrahim İbrahimlinin Naxçıvan şəhərində döyülməsi faktını kəskin şəkildə pisləyərək, bu hadisəni törədənlərin tezliklə aşkar olunmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR