Gürcüstan parlamentinin sədri: “Biz işğalçılarla bir ittifaqda ola bilmərik”

Gürcüstan parlamentinin sədri: “Biz işğalçılarla bir ittifaqda ola bilmərik”
# 15 mart 2013 10:21 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Biz işğalçılarla bir ittifaqda ola billmərik”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri ABŞ-da səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili bildirib.

D.Usupaşvili səfər çərçivəsində Karnegi Fondunda çıxış edib. Tədbiri fondun Qafqaz üzrə eksperti Tomas de Vaal açıb. David Usupaşvili çıxışında tədbir iştirakçılarını Gürcüstanın xarici siyasət prioritetləri və parlamentin qəbul etdiyi “Gürcüstanın Avropa və Avro-Atlantik kursu” qətnaməsi ilə tanış edib: “Biz ərazilərimizi işğal edən ölkə ilə heç bir ittifaqda ola bilmərik. Bu, xalqın iradəsi ilə olmalıdır. Bununla belə, hökumətimiz Rusiya ilə münasibətləri tənzimləmək üçün yollar axtarır. Hələlik dar çərçivədə yol var, bu da ticarət, mədəni və idman sahəsində danışıqlardan ibarətdir”.

Çıxışının sonunda spiker Gürcüstanın demokratiya yolu ilə irəlilədiyini vurğulayıb: “Gürcü Arzusu” koalisiyasına bir-birindən fərqlənən 6 partiya daxildir. İndiyədək parlamentdə müxalifət nümayəndələri heç vaxt bu qədər güclü və siyasi motivli olmayıb. Bu, hökumətin yaxşı işinin nəticəsidir”.

ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Riçard Mayls dəfələrlə elan olunan bu prioritetlərin ABŞ tərəfindən müsbət qarşılandığını bildirib.

Karnegi Fondunun proqram direktoru Ceyms Kolinz Gürcüstan hökumətinə ümumi maraqlar və konsolidasiya üçün axtarışların davam etdirilməsini arzulayıb.

Görüşdə tələbələr, alimlər, ABŞ-dakı gürcü diasporunun, KİV və diplomatik korpusun, müxtəlif ictimai, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

ABŞ-a səfəri zamanı D.Usupaşhvili nüfuzlu ABŞ konqresmenləri və senatorları ilə də görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR