Geni dəyişdirilmiş bitkilərin genetik ehtiyatlarının Azərbaycana gətirilməsinə görə tətbiq olunacaq cərimələr açıqlanıb

Geni dəyişdirilmiş bitkilərin genetik ehtiyatlarının Azərbaycana gətirilməsinə görə tətbiq olunacaq cərimələr açıqlanıb
# 30 yanvar 2013 14:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Geni dəyişdirilmiş bitkilərin genetik ehtiyatlarının Azərbaycana gətirilməsi qadağan olunacaq. Gələcəkdə ümumiyyətlə, geni dəyişdirilmiş bitkilərin özünün Azərbaycana daxil olmasının qadağan ediləcəyi gözlənilir. Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov deyib. O bildirib ki, birinci məsələ ilə bağlı Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında bir neçə qanunla yanaşı, İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklər olacaq.

R. Cəbrayılov qeyd edib ki, burada söhbət mədəni bitkilərin, eyni zamanda Azərbaycana xas olan bitkilərin genetik ehtiyatlarının mühafizəsinin pozulmasının qarşısının alınmasından gedir: “Eyni zamanda nadir bitkilər, nəsli kəsilməkdən olan bitkilərin qanunsuz toplanması, mal-qaraya otardılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 120-1.-ci maddəsinə əlavə olunacaq və cərimələr tətbiq ediləcək”.

R. Cəbrayılovun sözlərinə görə, dəyişikliklərdə əsas məqam genetik modifikasiya olunmuş (geni dəyişdirilmiş) bitkilərin genetik ehtiyatlarının Azərbaycana gətirilməsinin qadağan olunmasıdır: “Bu, əslində 2011-ci il dekabrın 13-də Azərbaycanda qadağan olunub. Lakin o vaxtdan indiyə qədər bu qadağaların İnzibati Xətalar Məcəlləsində tənzimlənməsi forması müəyyən səbəblərdən gecikib. İndi isə İnzibati Xətalar Məcəlləsinin yenə 120-ci maddəsinə daxil olan bəndlərdən biri bununla bağlıdır. Burada fiziki şəxslər üçün 200 manatdan 300 manata qədər cərimə, vəzifəli şəxslər üçün 500 manatdan 600 manata qədər, hüquqi şəxslər üçün isə 500 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulub”.

Deputat deyir ki, hələ ki həmin bitkilərin genetik ehtiyatlarının gətirilməsinə qarşı cərimələr tətbiq olunur, lakin yaxın gələcəkdə ümumiyyətlə, geni dəyişdirilmiş bitkilərin Azərbaycana gətirilməsi qadağan ediləcək: “Mən indidən bunun tərəfdarıyam. Çünki belə bitkilər insan orqanizmi üçün təhlükədir. Amma təəssüf ki, hələ bitkilərin özünə qadağalar qoymaq olmur, çünki bizim bazarlarda həmin kənd təsərrüfatı mallarına qarşı rəqabətə davamlı yerli məhsullarımız hələlik yoxdur. Hesab edirəm, yaxın gələcəkdə yerli məhsullarımız rəqabətə davamlı olacaq və biz həmin bitkilərin gətirilməsini də qadağan edəcəyik. Amma hələ ki həmin bitkilərin genetik ehtiyatlarını, yəni gətirilib burada yetişdirilməsini qadağan edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR