Hüquq müdafiəçisi erməni ailəsi ilə bağlı prezidentə və beynəlxalq təşkilatlara müraciət edib

Hüquq müdafiəçisi erməni ailəsi ilə bağlı prezidentə və beynəlxalq təşkilatlara müraciət edib
# 15 dekabr 2014 10:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov prezident İlham Əliyevə, güc strukturlarının rəhbərlərinə və bir sıra beynəlxalq təşkilatlara müraciət edib.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, müraciətdə 2010-cu ildə Azərbaycan tərəfinə keçən erməni ailəsinin yalan və böhtanlarına etiraz ifadə olunub: “Diqqətinizə çatdırıram ki, Ermənistandakı acınacaqlı və dözülməz həyat şəraitindən cana doymuş Gevorkyan ailəsinin 5 nəfərdən ibarət üzvü könüllü olaraq 2010-cu ilin yanvar ayında Azərbaycana keçib. Bu illər ərzində onların saxlanıldığı yerdə dəfələrlə monitorinq keçirmişik.

Gevorkyan ailəsinin saxlanma şəraitindən və onlara qarşı münasibətdən heç vaxt bizə şikayətləri olmayıb. Ailənin normal yaşayışı üçün onlara hər cür şərait yaradılıb. İnsan hüquq və azadlıqlarını rəhbər tutaraq dövlətimiz tərəfindən onlara qarşı həmişə humanistlik prinsipləri göstərilib. Belə ki, erməni ailəsi mütəmadi olaraq geyimlə, keyfiyyətli yeməklə, meyvə və ərzaq məhsulları ilə təmin edilib, daim həkim nəzarətində saxlanılıblar.

Dövlətimiz humanistliyini nümayiş etdirərək həmin ailəni Ermənistan tərəfinə geri qaytarıb. Təəssüflər olsun ki, bu erməni ailəsi öz nankor xislətinə sadiq qalaraq , əsl simalarını nümayiş etdirərək qərəzli şəkildə öz dövlətinin məcburi diktəsi ilə guya Azərbaycanda olduqları müddətdə işgəncələrə məruz qalmaları barədə böhtan xarakterli məlumatlar veriblər. Biz İşgəncələrə qarşı Azərbaycan Komitəsi olaraq onların bu böhtan və ağ yalanlarına qəti etirazımı bildiririk”.

E. Behbudov bildirib ki, müraciət Azərbaycan prezidentinə, BMT-nin İşgəncələrə qarşı Komitəsinə, Avropa Şurasının İşgəncələrə və qeyri-insani rəftara qarşı Komitəsinə, İşgəncələrə Qarşı Ümumdünya Təşkilatına, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR