QDİƏT müşahidəçiləri seçkiyə yüksək qiymət veriblər

QDİƏT müşahidəçiləri seçkiyə yüksək qiymət veriblər
# 02 noyabr 2015 07:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) nümayəndələri Azərbaycanda parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.


APA-nın məlumatına görə, təşkilatın baş katibi Asəf Hacıyev bildirib ki, seçkilər demokratik keçirilib. O deyib ki, bu nəticələr təkcə hakim Yeni Azərbaycan Partiyasının deyil, bütün siyasi təşkilatların uğurudur.

Yunanıstan parlamentinin üzvü Symeon Kedikoglou isə seçkilər ərəfəsində siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirdiklərini söyləyib: "Apardığımız müşahidələr onu göstərir ki, seçki hər hansı pozuntu olmadan keçirilib. Bütün hallarda seçkilərin maraqlı keçdiyini və seçici fəallığını müşahidə etdik. Hesab edirik ki, seçkilərdə hər hansı ekstremal şərait yaranmayıb”.

Bolqarıstan parlamentinin üzvü Peter Kanev seçkilərin yüksək səviyyədə keçirildiyini vurğulayıb. O, Azərbaycanın sabit və inkişaf edən ölkə olduğunu deyib: "Azərbaycana 10 ildir ki, gəlirəm və bu ölkədə baş verən dəyişikliklərin şahidi oluram. Düşünürəm ki, seçkilər Avropa standartlarına uyğun keçirilib".

Serbiya parlamentinin vitse-spikeri İqor Becic isə çoxlu sayda seçki məntəqəsində olduğunu və hər hansı seçki pozuntusu ilə qarşılaşmadığını qeyd edib: "Bu baxımdan deyə bilərəm ki, təşkilatçılıq çox yaxşı idi. Azərbaycanda demokratik proseslər baş verir. Mən demokratik seçkilərlə əlaqədar Azərbaycan xalqını təbrik edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR