Sumqayıt teatrında əcnəbi rejissorların tamaşaları nümayiş olunacaq - FOTO

Sumqayıt teatrında əcnəbi rejissorların tamaşaları nümayiş olunacaq - <span style="color: red;">FOTO
# 21 iyul 2014 16:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi ilk dəfə olaraq jurnalistlər üçün mətbuat konfransı keçirib.

APA-nın xəbərinə görə, tədbirdə ölkənin və Sumqayıtın 30-dan artıq müxtəlif media nümayəndəsi iştirak edib.

Cari ilin mart ayında Sumqayıt teatrına direktor təyin olunan İslam Həsənov ötən mövsüm Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil Kimyagər”, Əziz Nesinin “Öldür məni, can-ciyər”, Jan Anuyun “Antiqona” əsərlərinə hazırlanan tamaşalardan söz açıb, teatrın səfərləri haqda jurnalistlərə məlumat verib. Qeyd edib ki, Sumqayıt teatrı iyulun 6-11-də Gürcüstanın Kutaisi şəhərində qastrol səfərində olub. Səfərdə Con Patrikin “Qocanı öldürməliyik” tamaşası göstərilib. Gürcü tamaşaçılarının və sənət adamlarının baxdığı bu tamaşa çox yüksək dəyərləndirilib. Teatr mövsümünün bağlanışı da məhz bu tamaşa ilə baş tutub.

İ.Həsənov Sumqayıt teatrının yeni mövsümə planlaşdırdığı tamaşalardan da danışaraq vurğulayıb ki, onların rejissorlarının bir qismi əcnəbilər olacaq. Direktor qeyd edib ki, yeni mövsümdə Qoqolun “Çiçəkovun səyahəti” (Ukraynadan rejissor Arkadiy Netolyukun quruluşunda), Qurban Səidin “Əli və Nino” (Gürcüstandan rejissor Zurab Pxokadzenin quruluşunda) V.Şekspir “Otello” (Bolqarıstandan rejissor Xristo Stoyçevin quruluşunda), Alber Kamyunun “Kaliqula” (quruluşçu rejissoru respublikanın əməkdar artisti Firudin Məhərrəmov), H.Mirələmov “Vicdanın hökmü” (quruluşçu rejissoru Namis Şirməmmədov), Harold Pinter “Sevgili” (quruluşçu rejissoru Vasif Məmmədov) əsərlərinə hazırlanan tamaşalar nəzərdə tutulub.

Qeyd olunub ki, Sumqayıt teatrı sentyabr ayında özünün 45 illik yubileyini təntənəli şəkildə keçirməyi planlaşdırır. Kollektivin ABŞ, Hindistan, Bolqarıstan və Türkiyə kimi bir çox xarici ölkələrə festival və qastrolları gözlənilir.


Yeni təyinatdan sonra teatrda uzun müddət oynanılmayan tamaşa bərpa olunub, eləcə də həftədə 4 dəfə olaraq axşam tamaşalarının oynanılması təşkil edilib. Bu da istər-istəməz Sumqayıt tamaşaçılarının teatra axınını müəyyən qədər bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR