Nazirlər Kabinetinə Azərbaycanda dövlət mülkiyyətində olan torpaqlardan istifadə ilə bağlı təklif təqdim edilib

Nazirlər Kabinetinə Azərbaycanda dövlət mülkiyyətində olan torpaqlardan istifadə ilə bağlı təklif təqdim edilib
# 01 oktyabr 2014 09:17 (UTC +04:00)

APA-nın məlumatına görə, Hesablama Palatasının Nazirlər Kabinetinə müraciətində qeyd edilib ki, yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadəyə və icarəyə verilməsi ümumilikdə Torpaq Məcəlləsi, “Torpaq icarəsi haqqında” qanun ilə tənzimlənir.

Ayrı-ayrı torpaqların kateqoriyaları (məqsədli təyinatı və hüquqi rejimi) üzrə isə Nazirlər Kabineti tərəfindən 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları” və “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları” ilə tənzimlənir. Hesablama Palatası tərəfindən yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilib ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarında göstərilən təyinatlı torpaqlardan başqa, örüş, otlaq və biçənək sahələrinin, habelə Ehtiyat fondu torpaqlarının təyinatının dəyişdirilməsi nəticəsində yerli icra hakimiyyəti orqanlarının sərəncamında dövlət mülkiyyətindəki kənd təsərrüfatı dövriyyəsində olan əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqlar da mövcuddur. Həmin torpaqların istifadəyə və icarəyə verilməsinin xüsusiyyətləri, müddətləri və icarə haqqının aşağı həddi istisna olmaqla sair şərtləri qüvvədə olan qanunvericiliklə birmənalı olaraq təsbit olunmadığından, bu hal əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların qeyri-təyinatı üzrə uzunmüddətli istifadəsi və icarəsi üçün şərait yaradır. Qeyd olunanları nəzərə alaraq, Hesablama Palatası dövlət mülkiyyətində olan əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların təyinatı üzrə və səmərəli istifadə edilməsinin təmin edilməsi məqsədi ilə, həmin torpaqların istifadəyə və icarəyə verilməsi, habelə onun istifadə edilməsi üzrə ayrıca normativ hüquqi sənədin (qaydaların) hazırlanaraq təsdiq edilməsini məqsədəuyğun sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR