Azərbaycanda dizel istehsalı bir ildə 16% artıb

Azərbaycanda dizel istehsalı bir ildə 16% artıb
# 17 dekabr 2014 09:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft məhsullarının istehsalı müəssisələri tərəfindən 2 417,7 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,8% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayı ərzində ölkədə 1 107,1 min ton avtomobil benzini istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,9% azdır. Nəticədə bu ilin dekabrın 1-nə 31,7 min ton məhsul ehtiyatı yaranıb.

Cari il ərzində ölkədə 2 660,8 min ton dizel yanacağı istehsal olunub ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 16,3% çoxdur. Nəticədə bu ilin dekabrın 1-nə 59,4 min ton məhsul ehtiyatı yaranıb.

İl ərzində ölkədə ağ neftin istehsalı 0,5% artıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkədə 648,5 min ton ağ neft istehsal olunub ki, bu ilin dekabrın 1-nə 28,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 11 ayında ölkədə neft bitumunun istehsalında azalma var. Bu il ərzində Azərbaycanda 227,9 min ton neft bitumu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,9% azdır. Nəticədə dekabrın 1-nə 10 min ton hazır məhsul ehtiyatı yaranıb.

Sürtgü yağlarının istehsalı isə ötən ilin 11 ayı ilə müqayisədə 16,4% artıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında 51 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə dekabrın 1-nə 12,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, bu il ərzində 192,4 min neft adıçəkilən məhsuldan istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54,5% çoxdur. Nəticədə dekabrın 1-nə 6,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR