Şəhidin medalı Xaçmazda ailəsinə təqdim edilib

Şəhidin medalı Xaçmazda ailəsinə təqdim edilib
# 11 iyul 2016 17:59 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elvin Azadxan oğlu Mirzəyevin layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün ailəsinə təqdim olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz Rayon İcra Hakimiyyətində təşkil olunan mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, aprelin əvvəllərində döyüşlərdə ordumuzun qazandığı uğurları diqqətə çatdırıblar.

Şəhidin atası Azadxan Mirzəyev torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, onun qalib əsgər kimi şəhid olduğunu söyləyib. Şəhid atası bildirib ki, Elvinin digər 3 qardaşı və şəxsən özü də Vətən uğrunda döyüşməyə, torpaqlarımızı düşməndən azad etmək üçün silaha sarılmağa hər an hazırdırlar.

Daha sonra şəhidin layiq görüldüyü medal onun anasına təqdim olunub.

Erməni silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhədə gedən döyüşlərdə şəhid olan 22 yaşlı hərbi qulluqçusu Elvin Mirzəyev doğulub boya-başa çatdığı Xaçmaz şəhərində torpağa tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR