Bakıda keçiriləcək neft-qaz sərgisinə 300-dən çox şirkət qatılacaq

Bakıda keçiriləcək neft-qaz sərgisinə 300-dən çox şirkət qatılacaq
# 01 iyun 2015 09:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyunun 2-5-də Bakıda Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı keçiriləcək.

APA-Economics”in məlumatına görə, tədbirin təşkilatçısı olan “İTE Group”un icraçı direktoru Edvard Stroon bildirib ki, eyni zamanda Xəzər regionunun enerji sənayesinin nailiyyətləri üzrə yeganə ixtisaslaşmış tədbir - 5-ci Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ enerji (“Caspian Power 2015”) sərgisi təşkil olunacaq.

Onun sözlərinə görə, regionda neft-qaz sənayesinin əsas hadisəsi olan və beynəlxalq müstəvidə tanınmış platforma sayılan “Caspian Oil and Gas 2015” sərgisi 20 ildən çoxdur ki, Xəzər regionunun əsas neft-qaz layihələrini və enerji təhlükəsizliyinin təminatını müzakirə etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. “Caspian Oil and Gas” layihəsinə Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dəstək göstərilir.

“Caspian Oil and Gas” neft-qaz sərgisində 300-dən çox şirkət iştirak edəcək. Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və s. tematik bölmələrdən ibarətdir:

“Caspian Power 2015” sərgisi isə energetika üzrə təşkil etdiyi aparıcı tədbirlərdən biridir və sənaye sərgiləri arasında özünü doğrultmuş brend hesab olunur. Sərgiyə rəsmi dəstəyi Energetika Nazirliyi, habelə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən göstərilir.

Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin texniki və kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlər, işıq diodlar, günəş batareyası panelləri, işıq diodlu (“LED”) indikatorlar, işıqlandırma qurğuları, müxtəlif kabel məhsulları, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlandırma sistemləri, transformatorlar, izolyatorlar, elektrik açarları və digər məhsullar təqdim olunur.

Beləliklə, “Caspian Power 2015” sərgisi elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, elektroenergetika üzrə ən son texnoloji nailiyyətlər və inkişaf strategiyası ilə tanış olmaq, eləcə də yeni səmərəli və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq və bu əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradır.

Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR