Tiflisdə "Xocalı qətliamı beynəlxalq hüquq kontekstində" adlı konfrans keçirilib

Tiflisdə "Xocalı qətliamı beynəlxalq hüquq kontekstində" adlı konfrans keçirilib
# 25 fevral 2015 03:37 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Borçalı İrəli” İctimai Birliyinin təşkilatçılığı və Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin dəstəyi ilə Tiflis Beynəlxalq Akademiyasında (TBA) "Xocalı qətliamı Beynəlxalq hüquq kontekstində" adlı elmi konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə “Borçalı İrəli” İctimai Birliyinin sədri Möhübbət İmanov Xocalı qətliamının tarixi haqqında iştirakçılara məlumat verib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarına “Xocalıya Ədalət” beynəlxalq kampaniyası haqqında ətraflı məlumat verən AMM Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Xocalı həqiqətlərinin Gürcüstanda tanıdılması istiqamətində azərbaycanlı və gürcü gənclərinin köməyi ilə təbliğat aparıldığını bildirib.

Tədbirdə tarix elmləri doktoru, professor Quram Marxuliya, TBA rektoru, rofessor David Çitaya , professor Paata Kipiani, siyasətşunas-professor Edişer Qvenitadze, lektor Ziya Siçinava Xocalı qətliamı haqqında fikirlərini bölüşüblər. Çıxış edən gürcü alimləri baş verən hadisənin soyqırımı statusunu almasına hər bir dəlilin olduğunu qeyd ediblər. Alimlər beynəlxalq hüquq normalarının pozulduğu maddələri misal çəkərək Ermənistanın Azərbaycana qarşı tarix boyu törətdiyi cinayətlərdən ətraflı söhbət açıblar.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul işçisi Elcan İmamverdiyev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşları, gürcü və azərbaycanlı ziyalılar, KİV və ictimayyət nümayəndələri iştirak ediblər.

Konfransda Xocalı qətliamı haqqında sənədli film nümayiş etdirilib, fotolar və kitab sərgisi təşkil olunub. Tədbir iştirakçıları Xocalıya ədalət kampaniyasına dəstək üçün imza toplama aksiyasına qoşulublar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR