Azərbaycan hökuməti mallardan dövlətin xeyrinə imtina edilməsi qaydasını təsdiqləyib

Azərbaycan hökuməti mallardan dövlətin xeyrinə imtina edilməsi qaydasını təsdiqləyib
# 21 fevral 2013 09:57 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Mallardan dövlətin xeyrinə imtina edilməsi Qaydası»nı təsdiq edib. Bu qaydalar Gömrük Məcəlləsinə əsasən hazırlanıb.

«APA-Economics»in məlumatına görə, Qaydalara əsasən, malın sahibi və ya prosedura sahibi xarici mallardan və son istifadə xüsusi gömrük prosedurası altında yerləşdirilmiş mallardan dövlətin xeyrinə imtina edə bilər. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları və vergilər tutulmur, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmir. Mallardan dövlətin xeyrinə imtina edilməsi bu Qaydaya uyğun olaraq gömrük orqanının icazəsi ilə həyata keçirilir. Eləcə də, mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır.

Qaydalara əsasən, bəzi mallardan dövlətin xeyrinə imtina edilə bilməz. Bura Azərbaycan ərazisinə gətirilməsi qadağan edilmiş mallar, mülki dövriyyədə olmasına yol verilməyən mallar, raket-kosmik komplekslər və onların istehsalına və istismarına aid normativ-texniki sənədlər, radioaktiv materialların və partlayıcı maddələrin tullantıları, sənaye tullantıları, raket yanacağının bütün növləri, həmçinin onların istehsalı üçün lazım olan xüsusi materiallar və xüsusi qurğular, eləcə də qüsurlu mallar aiddir.

Bundan başqa, Qaydalara əsasən, dövlət üçün hər hansı bir xərcə səbəb ola bilən mallardan, dəyəri gömrük orqanının onların satılması ilə bağlı xərclərini ödəyə bilməyən mallardan, yararlılıq müddəti keçmiş və ya texniki normaların və standartların tələblərinə cavab verməyən mallardan da dövlətin xeyrinə istifadə edilə bilməz.

Mallardan dövlətin xeyrinə imtina edilməsi üçün icazə verilməsinə dair qərar gömrük orqanının rəhbəri tərəfindən qəbul edilir. Amma gömrük orqanları daşıyıcıya, anbar sahibinə və ya başqa şəxslərə malların daşınması, saxlanılması, yüklənməsi və digər əməliyyatların aparılması ilə bağlı xərcləri ödəmir. Mallardan dövlətin xeyrinə imtina edən şəxs malları öz vəsaiti hesabına gömrük orqanının təyin etdiyi yerə gətirməlidir.

Nəhayət, bu qaydaya uyğun olaraq, mallardan dövlətin xeyrinə imtina edildikdə, həmin mallar üzrə yaranmış gömrük borcu ləğv edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR