Yens Stoltenberq: “Rusiyanın siyasi təcridinin mənası yoxdur”

Yens Stoltenberq: “Rusiyanın siyasi təcridinin mənası yoxdur”
# 28 sentyabr 2015 15:36 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Rusiya BMT-də əsas aktyorlardan biri olaraq qalacaq və onun siyasi təcridinin heç bir mənası yoxdur”.

APA-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Daqbladet” qəzetinə müsahibəsində deyib. Bununla yanaşı, o, Ukraynadakı vəziyyətin Qərb və Rusiya arasında münasibətlərdə müəyyənləşdirici faktor kimi qalmağa davam etdiyini bildirib: “Soyuq müharibədən sonra NATO və Rusiya arasında qura bildiyimiz strateji tərəfdaşlıq artıq yoxdur. Bununla yanaşı, soyuq müharibə dövrünə də qayıdışdan söhbət gedə bilməz. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq qalır və həmişə BMT-də vacib rol oynamağa davam edəcək. Beləliklə, Rusiyanın siyasi təcridinin heç bir mənası yoxdur”.


NATO-nun baş katibi Ukraynada ümumilikdə atəşkəs rejiminə əməl olunduğunu söyləyib: “Minsk razılaşmalarının yerinə yetirilməsi üçün yeni cəhdlər edilir. Bununla yanaşı, qeyri-müəyyənlik qalmaqda davam edir, ona görə də qarşıda bizi uzun yol gözləyir”.


Y. Stoltenberq Suriya məsələsində siyasi həll yolunun tapılması üçün dünya ictimaiyyətini yeni səylər göstərməyə də çağırıb: “Suriyada vəziyyət kifayət qədər gərgindir və hələlik Rusiyanın məqsədlərinin nə olduğunu demək tezdir. Mən Rusiyanı Suriyadakı mövcudluğundan müsbət şəkildə istifadə etməyə çağırır, eləcə də Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək görüşü müsbət qiymətləndirirəm. Əgər Rusiya Bəşər Əsədi dəstəkləyəcəksə, onda bunu konstruktiv qərar adlandırmaq olmaz. “İŞİD”ə qarşı beynəlxalq koalisiyaya qoşulacağı təqdirdə isə bunun Rusiya tərəfindən konstruktiv addım olacağını söyləmək mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR