Oqtay Əsədov Xorvatiyanın müdafiə naziri ilə görüşüb

Oqtay Əsədov Xorvatiyanın müdafiə naziri ilə görüşüb
# 07 fevral 2013 14:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin sədri Oqtay Əsədov Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentdən APA-ya verilən məlumata görə, O. Əsədov Xorvatiya müdafiə nazirinin Bakıya səfərinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. O deyib ki, rəsmi səfərlər və yüksək səviyyəli görüşlər zamanı ölkələr arasında 12 sənəd imzalanıb, daha 13 sənəd isə imzalanma ərəfəsindədir.

O. Əsədov parlamentlərarası münasibətlərdən danışaraq dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

A. Kotromanoviç isə bildirib ki, hər iki ölkənin müvafiq qurumları arasında imzalanmış anlaşma Memorandumu əməkdaşlığın daha da dərinləşməsində yeni imkanlar yaradacaq.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev, Xorvatiyanın Azərbaycandakı səfiri Drajen Hrastiç və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR