Azərbaycanda ictimai işlərə cəlb olunan şəxslərin məsuliyyəti və ictimai işlərin çəkilməsi şərtləri açıqlanıb.
APA-nın məlumatına görə, bu, Ədliyyə Nazirliyi Kollegiyasının təsdiq etdiyi “İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları”nda əksini tapıb.
Qaydalarda qeyd edilir ki, ictimai işlərə cəlb olunan şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalıdırlar. İctimai işlərə cəlb olunan şəxslər onlar üçün müəyyən olunmuş yerlərdə və məhkəmə qərarı ilə müəyyən olunmuş müddətdə işləməlidirlər. İctimai işlərə cəlb olunan şəxslər yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. İctimai işlərə cəlb olunan şəxslərə növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasını dayandırmır. İctimai işlərə cəlb olunan şəxslər ictimai işlərin yerinə yetirilməsi qaydalarını pozduqda, icra məmuru onlara məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edir və bu barədə onlardan yazılı iltizam alır. Rəsmi xəbərdarlıq ictimai işlərə cəlb olunan şəxslərin şəxsi işinə əlavə edilir.
İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda icra məmuru Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq ictimai işlərin çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçıran şəxs barəsində tədbirlərin görülməsi məqsədilə icra məmuru İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Təqdimat və ya protokol, ictimai işlərə cəlb olunan şəxsdən alınan izahat, iş yerindən alınmış məlumatlar, qeydiyyat vərəqəsinin surəti digər sənədlərlə birlikdə məhkəməyə göndərilir.
İctimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçıran məhkumlar aşağıdakılar hesab olunurlar:
- üzrsüz səbəbdən ayda iki dəfədən çox ictimai işə çıxmayanlar;
-ayda iki dəfədən çox ictimai işin icrası yerlərində əmək intizamını pozanlar;
- cəzanı çəkməmək məqsədilə gizlənənlər.
İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçıran şəxslər aşağıdakılar hesab olunurlar:
- üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmayanlar;
- həftədə iki dəfə və daha çox ictimai işin icrası yerlərində əmək intizamını pozanlar;
- inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənənlər.