Diaspor təşkilatı Xocalı soyqırımı ilə əlaqədar Türkiyənin bələdiyyə sədrlərinə müraciət edib

Diaspor təşkilatı Xocalı soyqırımı ilə əlaqədar Türkiyənin bələdiyyə sədrlərinə müraciət edib
# 24 iyul 2014 13:44 (UTC +04:00)

Bakı-APA. Türkiyə Azərbaycan Dərnəyi (TürkAzDer) Xocalı soyqırımının tanıdılması ilə əlaqədar bir sıra bələdiyyə rəhbərlərinə müraciət məktubu göndərib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Manisa şəhər bələdiyyəsinə və Turqutlu, Salihli, Alaşehir, Sarıgöl, Kula, Selendi, Aliağa bələdiyyələrinə ünvanlanmış məktubda Xocalı soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, 613 nəfər dinc sakinin işgəncələrlə qətlə yetirildiyi, 487 nəfərin ağır yaralandığı, 1275 nəfərin ermənilər tərəfindən girov götürüldüyü və 150 nəfərin itkin düşdüyü faciə beynəlxalq hüquq prinsiplərinə əsasən soyqırımı kimi qəbul olunmalıdır: “Xocalıda yaşananlar BMT-nin “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyası”nın 2-ci maddəsində müəyyən olunan soyqırım anlayışı ilə tamamilə eynidir. Bundan başqa, Xocalı faciəsi Cenevrə Konvensiyası, İnsan Hüquqları Bəyannaməsi, Vətəndaş və Siyasi hüquqlar məsələsində Beynəlxalq Konvensiya, Atəşkəs dövründə və Hərbi Qarşıdurmalar Zamanı Qadın və Uşaqların Qorunması Bəyannaməsinə qarşı işlənmiş bir cinayətdir.

Türkiyə Azərbaycan Dərnəyinin bələdiyyə sədrlərinə ünvanladığı məktubda daha sonra deyilir ki, üzərindən 22 il keçmiş Xocalı soyqırımı tarixi hadisə olaraq deyil zamanın reallığı kimi qəbul olunmalıdır: “Bir millət iki dövlət” olan Türkiyə və Azərbaycan arasındakı tarixi qardaşlıq bağları və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözlərini rəhbər tutaraq Azərbaycan türklərinin ağrısını paylaşmaq və Türkiyədə bu mövzuya həssas yanaşan milyonlarla vətəndaşımızın ümidlərinə cavab vermək üçün konkret addımların atılması vacibdir”.

Diaspor təşkilatı bələdiyyə sədrlərinə müraciətlə bildirir ki, bələdiyyə məclislərində Xocalıda yaşananların soyqırım olaraq tanınması ilə bağlı çıxarılacaq qərarlar, bələdiyyənin sərhədləri daxilində prospekt, küçə və parklara "Xocalı" adının verilməsi və Xocalı soyqırımının xatırladılması məqsədi ilə abidələrin ucaldılması soyqırımı izah etmək və ağrıları az da olsa paylaşmaq baxımından son dərəcə əhəmiyyətlidir. Təşkilat bələdiyyə rəhbərlərini bu istiqamətdə fəaliyyətə keçməyə çağırıb və bu çərçivədə reallaşdırılacaq hər bir layihədə əməkdaşlığa hazır olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR