Şagirdlər haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsinin növbəti mərhələsi başlayıb

Şagirdlər haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsinin növbəti mərhələsi başlayıb
# 01 aprel 2015 14:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı”nın növbəti mərhələsi başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, aprelin 1-dən 15-dək davam edəcək bu mərhələ ümumtəhsil məktəblərində təhsil alan buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən əvvəlki tədris ilinin illik qiymətlərinin sinif rəhbərləri tərəfindən yoxlanmasını, zəruri hallarda məlumatlara təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən müvafiq əlavə və düzəlişlərin edilməsini əhatə edir.

TQDK ümumtəhsil məktəbləri əlaqələndiricilərinin nəzərinə çatdırıb ki, “Şagird-məzun” sisteminə daxil edilməmiş məlumatların aprelin 15-dək əlavə edilərək təsdiqlənməsini təmin etsinlər.

Qeyd olunub ki, bu vaxta kimi ümumtəhsil müəssisələri tərəfindən sistemə təqdim edilmiş şagirdlərin sayı 198482 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR