ADİU-da orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün təlimlərə start verilib

ADİU-da orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün təlimlərə start verilib
# 10 iyul 2014 16:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün “Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na dair təlim proqramının təqdimatı keçirilib.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təhsil Nazirliyinin xətti ilə təşkil olunan “Orta ixtisas təhsil müəssisələri üçün tyutor hazırlığı” proqramının davamı kimi təşkil olunan təlim ölkədə fəaliyyət göstərən 45 orta ixtisas müəssisəsi üçün nəzərdə tutulub.

Dinləyicilər 10-23 iyul tarixləri ərzində təhsilin inkişafı üzrə dövlət strategiyası, tədris prosesinə nəzarətin təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi, sərbəst işlərin təşkili, kredit sistemində müəyyən olunmuş formalar, imtahana hazırlıq və Apellyasiya Komissiyasının fəaliyyətinin təşkili, tələbə və müəllimlərin mobilliyi, təcrübə və yay semestrlərinin təşkili haqqında ətraflı məlumat və biliklər əldə edəcəklər.

Təlimlərin açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov, təhsil nazirinin müşaviri İlham Pirməmmədov və Orta ixtisas təhsili sektorunun rəhbəri Kərim Mikayılov iştirak edib.

Qeyd edək ki, kursun strukturu və məzmunu “Orta ixtisas tədris müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən tərtib edilib.

Kursun sonunda imtahanları müvəffəqiyyətlə verən iştirakçılara sertifikat təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR