Gürcüstanda Azərbaycan Milli Mətbuatı gününə həsr olunan tədbir keçirilib - FOTO

Gürcüstanda Azərbaycan Milli Mətbuatı gününə həsr olunan tədbir keçirilib - <span style="color: red;">FOTO
# 22 iyul 2014 16:46 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin (GAJB) və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) birgə təşəbbüsü və təşkilatçılığı ilə 22 İyul Milli Mətbuat gününə həsr olunan tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri AMM-in sədri Fazil Həsənov açıb və onun təklifi ilə tədbir iştirakçıları bu yaxınlarda dünyasını dəyişən “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanovun və Azərbaycan Yazıçılar Birliyinin katibi, əslən Borçalıdan olan Arif Əmrahoğlunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbirdə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə Gürcüstanda Azərbaycan dilli mətbuatın tarixi və müasir şəraitdə nəşrinin vəziyyəti barədə ətraflı məlumat verib.

Milli Mətbuatın 139 illiyi münasibətilə təşkil olunan tədbirdə Gürcüstan prezidentinin milli azlıq məsələləri üzrə müşaviri Sofiya Şamanidi iştirak edib. Müşavir Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin adından Azərbaycanda mətbuat sahəsində çalışan bütün jurnalistlərin peşə bayramını təbrik edib və onlara uğurlar arzulayıb: “Biz Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli mətbuatın fəal işini çox yüksək qiymətləndiririk. Siz Gürcüstanda baş verənlər haqqında və ölkəmizin inkişafı barədə gürcü dilini hələ yaxşı bilməyən əhaliyə informasiya verirsiniz. Bu, vacibdir. İnternet əsrində yaşamağımıza baxmayaraq, təəssüf ki, bir çox kəndlərə internetin çıxışı çox zəifdir və fikirləşirəm ki, mətbuat yeganə informasiya vasitəsidir ki, siz onunla əhaliyə məlumat verirsiniz”.

Tədbirin sonunda Gürcüstan və Azərbaycan dövlət rəhbərlərinə Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı jurnalistlərinin müraciəti qəbul olunub. Tədbirdə, eyni zamanda GAJB-ın təşəbbüsü ilə Gürcüstan qəzetinin baş redaktoru “Süleyman Süleymanov adına Fond” da təsis edilib.

Gürcüstanda milli mətbuatın inkişafında xidmətə görə “Gürcüstan” qəzetinin redaktor müavini İslam Əliyevə, “Regionpress” qəzetinin əməkdaşı İbrahimxəlil Tamıyevə, Marneuli TV-nin müxbiri Aynurə Əliyevaya və həmin televiziyanın operatoru Lela Xarşiladzeyə diplom və hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR