CAR-da 28 May – Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib

CAR-da 28 May – Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib
# 25 may 2015 09:59 (UTC +04:00)

Bakı – APA. Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya şəhərində Azərbaycanın milli bayramı 28 May – Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib.

Azərbaycanın CAR-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirlik tərəfindən təşkil edilən tədbirə ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların nümayəndələri, Beynəlxlaq Olimpiya Komitəsinin üzvü Sem Ramsani, təhsil və elm dairələrinin, Azərbaycan və türk icmasının təmsilçiləri, CAR-da təsis edilmiş “Azərbaycanın Dostları” yerli qeyri-hökumət təşkilatının üzvləri, jurnalistlər və iş adamları qatılıblar.

Ziyafət tədbirində hər iki dövlətin himninin səsləndirilməsindən sonra səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edib. Qonaqlara Azərbaycan və 28 may – Respublika Günü barədə məlumat verən diplomat səfirliyin 3 il ərzində fəaliyyəti, həyata keçirilən humanitar və mədəniyyət layihələri, dövlətlərarası əlaqələrin inkişafı, qarşılıqlı səfərlər və səfirliyin perspektiv planları barədə danışıb. Həmçinin qonaqlara iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunları barəsində məlumat verilib.

CAR dövləti adından isə tədbirdə Kommunikasiya Departamentinin baş direktoru M. Dippoku çıxış edib. Azərbaycanı 28 may – Respublika Günü münasibəti ilə ürəkdən təbrik edən M. Dippoku CAR-ın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verdiyini qeyd edib. Qonaq həmçinin Azərbaycanın yerləşdiyi regionda aparıcı dövlət olduğunu, CAR kimi demokratik dövlət quruculuğu yolunda çətin və şərəfli yol keçdiyini vurğulayıb.

Sonra qonaqlar milli və müxtəlif xarici təamlardan ibarət ziyafət masasına dəvət olunub. Tədbir zamanı qonaqlara Azərbaycanda istehsal edilmiş müxtəlif yeyinti, şərabçılıq və digər məhsullar nümayiş etdirilib.

Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR