Dövlət Gömrük Komitəsi: Yeni psixoaktiv maddələrin yayılması üçün artıq Azərbaycan ərazisindən istifadəyə cəhdlər mövcuddur

Dövlət Gömrük Komitəsi: Yeni psixoaktiv maddələrin yayılması üçün artıq Azərbaycan ərazisindən istifadəyə cəhdlər mövcuddur
# 19 oktyabr 2015 13:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Təəssüflə qeyd olunmalıdır ki, yeni psixoaktiv maddələrin yayılması üçün artıq Azərbaycan Respublikasının ərazisindən istifadəyə cəhdlər mövcuddur”.

APA-nın məlumatına görə, bu, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim olunmuş hesabatda əksini tapıb.

Hesabatda qeyd edilib ki, müasir dövrdə bütün dünyanı ciddi narahat edən məsələlərdən biri də beynəlxalq və milli siyahılara daxil edilməmiş maddələrdən narkotik vasitə və psixotrop maddə qismində istifadə edilməsidir. “Dizayner narkotikləri”, “leqal narkotiklər”, “vanna üçün duzlar”, “spays” və digər bir sıra adlar altında tanınan bu yeni psixoaktiv maddələr artıq dünyanın bir çox ölkələrində ciddi bir problem kimi qəbul olunmağa başlanıb. Buna səbəb bu maddələrin insanların səhhətinə vura biləcəyi ciddi zərər və hətta insan ölümünə səbəb ola bilmə təhlükəsidir: “Yeni psixoaktiv maddələrin farmakoloji və təsir xüsusiyyətləri beynəlxalq və milli siyahılara daxil edilmiş maddələr ilə oxşarlıq təşkil edir. Birləşmiş Millətlər Təşkilatı Narkotiklər və Cinayətkarlıq İdarəsinin məlumatına əsasən, yeni psixoaktiv maddələrin sayı 2009-cu ilin sonunda 166-dan 2012-ci ilin ortalarında 251-ə çataraq dövriyyəsi beynəlxalq nəzarət altında olan maddələrin sayını ötüb keçib. Təəssüflə qeyd olunmalıdır ki, yeni psixoaktiv maddələrin yayılması üçün artıq Azərbaycan Respublikasının ərazisindən istifadəyə cəhdlər mövcuddur”.

Hesabatda bununla bağlı qeydə alınan faktlardan biri də qeyd edilib. 20 yanvar 2014-cü il tarixində narkotik maddələrin Çin Xalq Respublikası - Belçika Krallığı Türkiyə - Azərbaycan hava marşrutu üzrə daşınması haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 24 yanvar 2014-cü il tarixində saat 01:20-də TK 336 saylı İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gətirilmiş “TNT” poçt daşıyıcı şirkətinin poçt bağlamasına Heydər Əliyev Beynəlxalq Aeroportunda baxış keçirilərkən naməlum ağ rəngli tozşəkilli maddə aşkar edilib. Həmin maddə üçün Azərbaycan qanunvericiliyi ilə heç bir qadağa və məhdudiyyətlər nəzərdə tutulmaması, Türkiyədə isə dövriyyəsinin qadağan olunması və alıcısının Türkiyədə yerləşməsi səbəbindən qeyd olunan yükün təyinat yerində saxlanması üçün Türkiyə müvafiq səlahiyyətli orqanları ilə birgə tədbirlər həyata keçirilib. Türkiyə gömrük orqanları və digər hüquq-mühafizə orqanlarının bu ölkənin ərazisində birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 15 kiloqramdan çox (7 kq. 559 qr. “5F-AKB” və 7 kq. 554 qr. “UR-144”) “dizayner narkotikləri” kimi tanınan maddələr və 2 nəfər saxlanılıb.

Qeyd edək ki, “UR-144” hal-hazırda Yeni Zelandiyada, Rusiya Federasiyasında, Birləşmiş Krallıqda, ABŞ-da, “5F-AKB” isə Yeni Zelandiyada, Rusiya Federasiyasında və Yaponiyada təhlükəli maddə kimi qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR