Azərbaycanda az alkoqollu içkilər üçün etil spirtinin həcmi müəyyənləşdirilib

Azərbaycanda az alkoqollu içkilər üçün etil spirtinin həcmi müəyyənləşdirilib
# 17 sentyabr 2015 13:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 845-2015 (QOST R 52845-2007) “Az alkoqollu tonuslandırıcı içkilər. Ümumi texniki şərtlər” dövlət standartını təsdiq edib.

APA-nın məlumatına görə, az alkoqollu tonuslandırıcı içkilər: insan orqanizmində tonuslandırıcı effekti təmin edən kifayət miqdarda tərkibində kofein və ya digər tonuslandırıcı komponentlər olan xüsusi təyinatlı az alkoqollu içkilərdir.

Tonuslandırıcı komponentlər insan orqanizminə tonuslandırıcı təsir göstərən xüsusi kimyəvi maddələrdir. Az alkoqollu energetik içkilər isə şəkərin kütlə payı ən azı 10% olan zəif alkoqollu tonuslandırıcı içkilərdir. Az alkoqollu tonuslandırıcı içkilər karbon 4 oksidin doyma səviyyəsinə görə qazlaşdırılmış və qazlaşdırılmamış olmaqla iki tipə bölünür. Xarici görünüşünə görə az alkoqollu tonuslandırıcı içkilər şəffaf və bulanıq olur. Şəffaf içkilər çöküntüsüz və kənar əlavələrsiz şəffaf mayedir, istifadə edilən xammalın xüsusiyyətlərindən asılı olaraq azacıq bulanıqlığa yol verilir. Bulanıq az alkoqollu içkilərdə isə məhsula xas olmayan kənar əlavələrsiz, istifadə edilən xammalın xüsusiyyətlərindən asılı olaraq çöküntülərin və asılqanların olmasına yol verilir.

Az alkoqollu tonuslandırıcı içkilərdə etil spirtinin həcm payı 1,2 faiz-9 faiz, qazlaşdırılmış içkilərdə karbon dioksidin kütlə payı ən azı 0,30 faiz, Kofein 0, 151 mq/sm3- 0,400 mq/sm3, şəkərin kütlə payı (energetik içkilər üçün) ən azı 10 faiz olmalıdır. Az alkoqollu tonuslandırıcı içkilərdə energetik mübadilə üçün tövsiyyə edilən miqarlara gəlincə, bu içkilərdə hər kubsantimetrdə 30-400 mq taurin, 80-120 mq L-karnitin, 150-240 mq Qlükoronolakton ola bilər. Az alkoqollu tonuslandırıcı içkilərin bir qablaşdırma vahidindəki tonuslandırıcı komponentlərin (kofein istisna) və digər bioloji aktiv maddələrin miqdarı təyin olunmuş sutkalıq normanın 50%-dən yüksək olmamalıdır. Bir qablaşdırma vahidi üçün vitamin və vitaminəbənzər maddələrin, mineral maddələrin, energetik mübadilən stimulyatoru və substratlarının miqdarı sutkalıq istifadə normasından yüksək olmamalıdır. Az alkoqollu tonuslandırıcı içkilərin istehsalında süni şirinləşdiricilərdən və ortofosfat turşusundan istifadəyə yol verilmir. Tonuslandırıcı inqridient kimi tonuslandırıcı komponentlərin mənbəyi hesab olunan (kofein, ginqozidlər, eleuterozidlər, sxizandrina) kofein və / və ya bitki ekstraktları (quarana, mate, jenşen, cır limon, eleuterokokk) istifadə edilə bilər. Az alkoqollu tonuslandırıcı içkilərin istehsalında vitaminlər və vitaminəbənzər maddələr, mineral maddələr, energetik mübadilə stimulyator və substratları istifadə edilə bilər.

İstehlak tarasının markalanması zamanı tonuslandırıcı, energetik içkilər üçün “Uşaqlara və 18 yaşınadək yeniyetmələrə, hamilə və süd verən qadınlara, yaşlılara, habelə yüksək sinir həssaslığından və yuxusuzluqdan, ürək fəaliyyətinin pozuntusundan, hipertonik xəstəlikdən, mərkəzi sinir sitemi, böyrək, qaraciyər və digər həzm orqanları xəstəliklərindən əziyyət çəkən şəxslərə alkoqoldan istifadə tövsiyə olunmur” yazısı göstərilməli, insan orqanizminə alkoqollu məhsullardan çox istifadənin ziyanları haqqında xəbərdarlıq yazısı olmalı, tonuslandırıcı komponentlərin miqdarı ( içkinin 100 sm3-da mq) və bioloji aktiv əlavələrin olması ilə əlaqədar olaraq sutkalıq (qablaşdırma vahidi ilə) məhdud istehlak haqqında məsləhət və maksimum sutkalıq istifadə haqqında məlumat qeyd edilməlidir. Az alkoqollu tonuslandırıcı içkilər 0°C - 25°C temperaturda daşınmalı və saxlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR