“Azərsu”nun Regional Təlim-İnkişaf Proqramının yekunlarına həsr olunmuş tədbir keçirilib

“Azərsu”nun Regional Təlim-İnkişaf Proqramının yekunlarına həsr olunmuş tədbir keçirilib
# 27 fevral 2015 13:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün “Azərsu” ASC-də Regional Təlim-İnkişaf Proqramının yekunlarına həsr olunmuş tədbir keçirilib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qurumun İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə Regional Təlim-İnkişaf Proqramı ilə bağlı geniş təqdimatla çıxış edərək bildirib ki, işçilərin biliklərinin və peşəkarlıq qabiliyyətinin yüksəldilməsi məqsədilə 2014-cü ildə kompleks təlimlərin keçirilməsinə qərar verilib.

İlin müxtəlif dövrlərində Quba, Lənkəran, Şamaxı, Gəncə, Mingəçevir, Füzuli, Şirvan şəhərləri mərkəz seçilməklə 7 regionda təlimlər təşkil olunub. Proqram çərçivəsində regionlarda fəaliyyət göstərən 58 təşkilatın 1 249 işçisi 9 istiqamət üzrə təlimlərdə iştirak edib.

Təlimlərdən əvvəl və sonra iştirakçıların bilikləri qiymətləndirilərək müqayisəli təhlillər aparılıb və nəticələr qənaətbəxş olub. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsinə xüsusi diqqət yetirilib və müxtəlif sosial proqramlar təşkil edilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov birinci Regional Təlim-İnkişaf Proqramının yüksək səviyyədə təşkil edildiyini bildirib və nəticələrdən razı qaldığını diqqətə çatdırıb. Cəmiyyətin sədri qeyd edib ki, icra olunan layihələrdə ən son texnologiyalar və idarəetmə metodlarından istifadəyə üstünlük verildiyindən kadr hazırlığı məsələləri bundan sonra da diqqətdə saxlanılacaq və daha da gücləndiriləcək: “Qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə mütəxəssislərimiz mütəmadi olaraq təlimlərə göndərilir. İcrasına ötən il başlanılmış Regional Təlim-İnkişaf Proqramını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislər qazandıqları bilik və təcrübələri fəaliyyətlərində tətbiq edir, digər həmkarları ilə paylaşırlar. “Azərsu” ASC işçilərin peşəkarlığının artırılması məqsədilə layihələrin icrasını bundan sonra da davam etdirəcək”.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd edib ki, regional təlimlərin təşkili Səhmdar Cəmiyyətin kadr bazasının formalaşdırılmasına əlverişli imkanlar yaradıb. Rayon sukanal idarələrinin əməkdaşları təlim çərçivəsində biliklərini artırmaqla yanaşı, su təchizatı və kanalizasiya sektorundakı yeniliklərlə tanış olmaq imkanı qazanıblar.

Təlimlərin iştirakçısı olmuş Zərdab Sukanal İdarəsinin əməkdaşı Nərminə Məmmədzadə təlim proqramının əhəmiyyətindən danışıb və qeyd edib ki, təlimdə qazanılmış nəzəri və praktiki təcrübə sonrakı iş proseslərində böyük fayda verir.

Tədbirin sonunda təlimləri müvəffəqiyyətlə başa vurmuş 16 əməkdaş və təlimlərin təşkilində fəallıq nümayiş etdirmiş 13 işçi mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR