Azərbaycanda bank depozitləri avqustda artıb

Azərbaycanda bank depozitləri avqustda artıb
# 18 oktyabr 2012 10:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2012-ci il sentyabrın 1-nə 9 878,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 428,6 mln. manat və ya 16,9% artıb. Təkcə avqust ayında depozitlərin həcmi 209,6 mln. manat və ya 2,2% artıb.

Depozitlərin tərkibində 4 462,6 mln. manatı və ya 45,2%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 801,9 mln. manat və ya 21,9%, o cümlədən avqustda 47,4 mln. manat və ya 1,1% artıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi sentyabrın 1-nə 5 415,8 mln. manata bərabərdir. Bu göstərici son bir ildə 626,8 mln. manat və ya 13,1% artıb. O cümlədən, avqust ayında 162,3 mln. manat və ya 3,1%-lik artım baş verib.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 2 610,3 mln. manat və ya 48,2% maliyyə təşkilatlarının, 2 805,5 mln. manatı və ya 51,8% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.

Göründüyü kimi, depozitlərin avqust ayında artması əsasən hüquqi şəxslərin depozitləri hesabına baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR