Azərbaycanlı futbolçu Türkiyədə problemlə üzləşib

Azərbaycanlı futbolçu Türkiyədə problemlə üzləşib
# 09 oktyabr 2012 12:50 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov klubunu dəyişmək fikrinə düşüb. Bu barədə apasport.az saytına 24 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

O bildirib ki, cari mövsümdən şərəfini qoruduğu Türkiyənin “Adana Dəmirspor” klubunda vəziyyət ürəkaçan deyil. Birinci liqa təmsilçisində artıq 3-cü baş məşqçi ilə işləməli olan Hüseynov maddi problemlərlə üzləşib.

“Komandanın mənə borcu var. Klub prezidenti ilə söhbətim olub. Deyirlər ki, Türkiyədə belə şeylər olur, normal sayılır. Ancaq bu, peşəkar futbolçunun çıxışına mənfi təsirini göstərir. Bu səbəbdən klubumu dəyişməyi düşünürəm. “Adana Dəmirspor”da vəziyyət ürəyim istədiyi kimi deyil. Bunu da gözləmirdim. Mən tərəfdən hər şey yerinə yetirilir. Mövsümün əvvəlində yaxşı oyunlar keçirdim. Ancaq klub verdiyi sözə əməl etmir. Bu da məndə hardasa ruh düşkünlüyü yaradır” – deyə, Hüseynov vurğulayıb.

Həmyerlimiz bu yay 2 illik müqavilə imzaladığı Adana təmsilçisindən sərbəst gedişində problem görmür: “Komanda məni pulsuz buraxmalıdır. Çünki pulumu almadığım təqdirdə Türkiyə Futbol Federasiyasına müraciət edəcəyəm. Onlar da mənə azad agent statusu verəcək. Klub da pulumu sonradan mənə ödəməyə məcburdur. Bu, yaxın vaxtlarda reallaşa bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR