İranın energetika naziri Ermənistan prezidenti ilə görüşüb

İranın energetika naziri Ermənistan prezidenti ilə görüşüb
# 26 oktyabr 2012 10:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Ermənistan prezidenti Serj Sərkisyan İrəvanda səfərdə olan İranın energetika naziri Məcid Namcunun rəhbərlik etdiyi heyəti dünən qəbul edib.

APA-nın məlumatına görə, S. Sərkisyan İran-Ermənistan Hökumətlərarası Komissiyasının iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını deyib: “Ermənistan İranla əlaqələrin gücləndirilməsində maraqlıdır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq inkişaf edir. Araz çayı üzərində Mehri rayonunda su elektrik stansiyasının inşası da bunun nümulərindən biridir”.

Görüşdə Məcid Namcu İran-Ermənistan iqtisadi əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasının uğurla keçməsindən bəhs edib. O bildirib ki, görüşdə bir sıra məsələlər üzrə razılıq əldə edilib: “ Şəxsən bu komissiyanın həmsədri kimi mən İran və Ermənistan prezidentləri arasında energetika və nəqliyyat sahəsində əldə edilən razılaşmaların reallaşması üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, İranın energetika naziri Məcid Namcunun rəhbərlik etdiyi 37 nəfərdən ibarət nümayəndə heyəti İrəvanda keçirilən İran-Ermənistan Hökumətlərarası Komissiyasının 11-ci iclasında iştirak etmək üçün Ermənistana səfər edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR