Azərbaycanda SSRİ dövründən qalan bank əmanətlərinə görə indiyədək 420 mln. manat ödənilib

Azərbaycanda SSRİ dövründən qalan bank əmanətlərinə görə indiyədək 420 mln. manat ödənilib
# 01 noyabr 2012 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Keçmiş SSRİ Əmanət Bankının Azərbaycanın Respublikası Bankının əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi prosesi nəticəsində 2012-ci il iyun ayının 1-dən noyabrın 1-dək əmanətçilərə ümumilikdə 419,573 mln. manatdan çox vəsait ödənilib. «APA-Economics»in məlumatına görə, bunu «Kapital Bank» ASC-nin Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

A.Əliyevin sözlərinə görə, 5 ay (iyun-oktyabr) müddətində «Kapital Bank»a fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əmanətçilərdən 1 151 037 müraciət daxil olub. Bu müddətdə Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzində 1 032 909 əmanətçiyə ümumilikdə 419,573 mln. manat vəsait ödənilib.

A.Əliyev bildirib ki, bundan başqa 57 502 müraciət üzrə ödənişlərin aparılmasına icazə verilib, sənədlərini təqdim etmiş həmin əmanətçilər fərdi birdəfəlik ödəməni götürmək üçün hələlik yerli xidmət məntəqələrinə müraciət etməyiblər: «Müxtəlif hüquqi səbəblərdən 36 368 müraciətin icrasından imtina edilib, 24 258 müraciətə isə hazırda baxılır».

A.Əliyev qeyd edib ki, artıq oktyabr ayının 1-dən Bakıda məskunlaşmış məcburi köçkünlərin, vaxtı ilə əmanətlərini Naxçıvan Muxtar Respublikası ərazisindəki kassalarda yerləşdirmiş şəxslərin gediş-gəlişi problemini nəzərə alaraq onlardan müraciətlərin qəbulu üçün Balı şəhəri, Xəqani küçəsi,51 ünvanında yaradılmış yeni xidmət məntəqəsi fəaliyyət göstərir: «Bu bir ay ərzində məntəqəyə iki minə yaxın müraciət daxil olub. Bu müraciətlərin 1 500-ü birbaşa Mərkəzə ötürülüb. Beş yüz nəfər əmanətçi əmanətini bu məntəqə vasitəsi alıb».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR