Müsavatın Suraxanı rayon təşkilatı ilə bağlı yenidən qalmaqal yaranıb

Müsavatın Suraxanı rayon təşkilatı ilə bağlı yenidən qalmaqal yaranıb
# 28 aprel 2015 09:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Divanı Suraxanı rayon təşkilatında yaranmış vəziyyəti müzakirə edib.

Partiyanın Divan üzvü Nemət Kərimli APA-ya açıqlamasında rayon təşkilatının Şura iclaslarının şəxsi mənzildə keçirilməsinə etiraz edib: “Suraxanı rayon təşkilatının Şura iclasları evdə keçirilir. Müsavat başqanı Arif Hacılı sədr Rövşən Dəmirliyə tapşırmışdı ki, iclaslar evdə keçirilməməlidir, bunun üçün partiyanın qərargahı var. Yəni, iclaslar evdə keçiriləndə şərait olmur və üzvlər hamısı iclasa qatıla bilmir. Ancaq bütün bunlara baxmayaraq, aprelin 26-da növbəti iclas da evdə keçirilib. Bu məsələ ilə bağlı Divanın növbəti iclasında da müzakirələr aparılacaq”.

Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli isə deyilənlərlə razılaşmayıb: “Aprelin 26-da keçirilən Şura iclasına 21 üzvdən 14-ü qatılmışdı. Arif Hacılı mənə tövsiyə etdi ki, iclaslar partiyanın qərargahında keçirilsin. Ancaq Suraxanı rayon təşkilatının iclasları elə Suraxanı rayonunda da keçirilə bilər. Burada qeyri-adi heç nə yoxdur. Bizim mart ayında keçirilən iclasımızda Şura üzvü Fəzli Mehdiyev iştirak etmədiyi üçün MNTK-ya şikayət etmişdi və iclasın qərarları ləğv olunmuşdu. Ancaq mən yenidən ona müraciət etsəm də, bilərəkdən sonuncu iclasa qatılmadı. Bu, onu göstərir ki, həmin insanlar sifariş yerinə yetirirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR