“Azad edilmiş ərazilərdə günəş kollektorları quraşdırılmasının vacibliyi nəzərə alınaraq, layihələrdə damların konstruksiyasını elə düzəldirik ki, gələcəkdə də bunu quraşdırmaq mümkün olsun”.
APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Baş mütəxəssisi Nurəddin Qənbərov "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən dəyirmi masada deyib.
FHN nümayəndəsi bildirib ki, Azərbaycanda təqdim olunan layihələrin 90 faizində enerji effektivliyi tələbləri təmin edilir: “Azərbaycanda enerji effektivliyi və istilik mühafizəsi tələb olunan binalarla bağlı təqdim edilən layihələrin təxminən 90 faizində müvafiq tələblər təmin olunur. Binaların enerji effektivliyinin təmin olunmasında beş əsas istiqamət xüsusi əhəmiyyət daşıyır. Binaların xarici konstruksiyalarının istilikötürmə müqavimətinin normadan az olmaması, binaların istilik enerjisi sərfinin normadan çox olmaması, enerji effektivliyi sinfinin normaya uyğunluğu, qoruyucu konstruksiyaların hava nüfuzetmə qabiliyyəti və nəmlənmədən mühafizəsi əsas məsələlərdir. Bu gün norma ilə enerji effektivliyi və istilik mühafizəsi tələb olunan binalarla bağlı təqdim edilən layihələrin demək olar ki, 90 faizində bu tələblər Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin olunur”.
Onun sözlərinə görə, Ağdamda həyata keçirilən layihələrdə və tikinti işlərində işıqlandırma üçün əsasən LED lampalardan istifadə olunur: “Enerji effektivliyi tələbləri yalnız layihələndirmə mərhələsində nəzərə alınmaqla kifayətlənmir. Tikinti zamanı və obyektlərin təhvil verilməsi mərhələsində də layihədə nəzərdə tutulan enerji effektivliyi tədbirlərinin icrasına nəzarət edilir.
Yaşıl Enerji Zonası konsepsiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə günəş panelləri və günəş kollektorlarının quraşdırılması nəzərə alınır. Bu avadanlıqların dərhal quraşdırılmadığı layihələrdə belə, gələcəkdə onların quraşdırılmasına imkan verəcək texniki həllərin təmin olunması tələb edilir”.