Kitabxana kitabını itirən tələbələr kitabın qiymətinin 10 misli məbləğində cərimələnəcəklər

Kitabxana kitabını itirən tələbələr kitabın qiymətinin 10 misli məbləğində cərimələnəcəklər
# 10 iyul 2016 01:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib.

APA-ın məlumatına görə, bu Nümunəvi Əsasnamə tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində yerləşən bütün ali təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətini tənzimləyir.

Kitabxanaların elmi-metodiki təminatı Azərbaycan Milli Kitabxanası və elmi-metodik mərkəz statusuna malik olan Bakı Dövlət Universitetinin Elmi Kitabxanası tərəfindən həyata keçirilir. Kitabxana, ali təhsil müəssisəsinin strukturuna uyğun olaraq, rektorun əmri ilə yaradılır və ali təhsil müəssisəsinin rektoruna tabedir. Kitabxana, struktur bölməsi olduğu ali təhsil müəssisəsinin adını və öz adını tam şəkildə əks etdirən blanka və kitabxana ştamplarına malikdir. Kitabxana xidməti abonement, oxu zalı, kitabxanalararası və beynəlxalq mübadilə, biblioqrafiya, elmi-texniki informasiya, fərdi və kütləvi, yazılı və şifahi, stasionar və qeyri-stasionar, kompleks vasitələrlə təşkil edilir. Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanılmasından, qorunaraq gələcək nəsillərə çatdırılmasından, onların oxucular arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnən, müstəqil və yaradıcı düşünən vətəndaşların yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.

Kitabxanaların kitabxana işinin inkişafını təmin etmək məqsədi ilə xarici dövlətlərin kitabxanaları, digər idarə və təşkilatları ilə mövcud qanunvericiliyə uyğun olaraq əməkdaşlıq etmək, o cümlədən müvafiq beynəlxalq təşkilatlara üzv olmaq, beynəlxalq kitab və informasiya mübadiləsi aparmaq, beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək, qanunvericilik əsasında fəaliyyət göstərən kitabxana birliklərinə, konsorsiumlara daxil olmaq və kitabxananın ayrı-ayrı sahələrini inkişaf etdirmək üçün müxtəlif fondların qrant proqramlarında iştirak etmək və qrantlar qazanmaq hüquqları var. Kitabxanaların oxuculardan itirilmiş və ya yararsız vəziyyətə salınmış kitabxananın fonduna məxsus çap əsərlərinin və digər materialların müvafiq çap əsərləri və materiallarla əvəz edilməsini, bu mümkün olmadıqda, vurulmuş ziyana görə yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla, onların qiymətinin 10 misli məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ da var.

Kitabxananın strukturu ali təhsil müəssisəsinin elmi şurası tərəfindən müəyyənləşdirilir, onun fəaliyyət dairəsi və funksiyaları ali təhsil müəssisəsinin nizamnaməsində öz əksini tapır və təhsil müəssisəsinin rəhbəri (rektoru) tərəfindən təsdiq edilir. Kitabxana tədris prosesi və elmi-tədqiqat işlərinin təşkilində, onların həyata keçirilməsində bilavasitə iştirak edir, ali təhsil müəssisəsinin elmi şurasının qərarlarını, rektorun əmr və sərəncamlarını yerinə yetirir. Kitabxanaya ali təhsil müəssisəsinin rektoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan direktor rəhbərlik edir. Kitabxananın direktoru ali təhsil müəssisəsinin elmi şurasının tərkibinə daxil edilir. Kitabxanada elmi-praktik fəaliyyətin tənzimlənməsinə, əməkdaşların davamiyyətinə və nizam-intizamına nəzarət inzibati idarəetmə yolu ilə həyata keçirilir. İnzibati idarəetməyə kitabxananın direktoru, direktorun müavini, şöbə müdirləri və bölmə müdirləri daxildir. Ali təhsil müəssisəsinin rektoru kitabxananın direktorunun təqdimatına əsasən, kitabxananın əməkdaşlarını işə qəbul və işdən azad edir. Kitabxana ali təhsil müəssisəsinin büdcəsi, qazanılmış qrantlar və qanunvericiliyə zidd olmayan digər maliyyə mənbələri hesabına maliyyələşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR