Ekvadorun sabiq XİN rəhbəri: Ümid edirəm ki, COP29 ərəfəsində Azərbaycanla Ermənistan arasında sülhü də qeyd edəcəyik

Ekvadorun sabiq XİN rəhbəri: Ümid edirəm ki, COP29 ərəfəsində Azərbaycanla Ermənistan arasında sülhü də qeyd edəcəyik
# 15 mart 2024 10:52 (UTC +04:00)

Geosiyasi məsələlərin də iqlim dəyişmələrində rolu var.

APA xəbər verir ki, bunu BMT Baş Assambleyasının (BA) eks-prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinosa XI Bakı Qlobal Forumunda "Xoş sözlərdən yaxşı əməllərə" adlı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, iqlim yalnız ətraf mühit məsələsi deyil, həm də geosiyasi müstəvidə baş verənlərlə əlaqəli olan bir məsələdir.

"İqlim dəyişmələrinin həlli yolu iqtisadi və siyasi məsələlərdən keçir", - deyə o, əlavə edib.

Onun sözlərinə görə, aşağı karbonlu enerjiyə keçiddə əsas məsələ maliyyədir.

O deyib ki, COP29-da bir sıra ciddi suallara cavab tapılmasına ümid edir:

"Hər bir ölkə iqlim dəyişmələrinə töhfə vermək üçün öz üzərinə öhdəlik götürməlidir və bunun məsuliyyətini dərk etməlidir. Ənənəvi enerjidən bərpaolunan enerjiyə keçiddə ölkələr qarşısında ciddi suallar durur. Növbəti addımlarımız nədən ibarət olacaq? Bərpaolunan enerjiyə keçiddə ölkələrə nə qədər vəsait lazım olacaq? Hansı yolu qət etməliyik? 2015-ci ildən bu yana nələr əldə etmişik, 2030-cu il üçün plan və hədəflər nələr olacaq? Bu suallar COP29-un qarşısında duran əsas suallardandır. COP29-da 2030-cu ilin yol xəritəsi müəyyənləşdirilməlidir".

"Mən ümid edirəm ki, COP29 ərəfəsində biz Azərbaycanla Ermənistan arasında sülhü də qeyd edəcəyik", - deyə o çıxışı zamanı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR