SOCAR prezidenti Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bir neçə müqavilə imzalayıb

SOCAR prezidenti Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bir neçə müqavilə imzalayıb
# 18 iyun 2016 11:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR prezidenti Rövnəq Abdullayev Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib, forum çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “Qazprom” İdarə Heyətinin sədri Aleksey Millerlə keçirilən görüşdə təbii qaz, maye karbohidrogenlər, qaz-kimya məhsulları ilə bağlı ticarət əməliyyatlarının genişləndirilməsi və qaz tədarükünün artırılması perspektivləri ətrafında müzakirələr aparılıb.

SOCAR prezidentinin “Qazprombank” İdarə Heyətinin sədri Andrey Akimovla görüşü zamanı SOCAR və “Qazprombank” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə qeyd olunur ki, ''SOCAR Polymer'' layihəsi üzrə polipropilen və yüksəksıxlıqlı polietilen istehsalı zavodlarının tikintisi üzrə birgə layihə üçün azot qurğusu ''Qazprombank'' qrupuna daxil olan ''Kriogenmaş'' ASC tərəfindən hazırlanacaq və tədarük ediləcək. Bu qurğu layihənin gedişində ''SOCAR Polymer''in yüksək təmiz qazşəkilli azota tələbatını təmin etmək üçün nəzərdə tutulur. ''Kriogenmaş'' ASC-nin istehsalı olan azot qurğusu ən müasir texnologiyalara əsaslanır ki, bu da kapital xərclərini azaltmağa, eləcə də aparıcı xarici şirkətlərin avadanlıqları ilə müqayisədə daha qənaətli istismarı təmin etməyə imkan verəcək.

“Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə Qarşılıqlı Anlaşma Memorandumu” SOCAR, ''Qazprombank'', Rusiyanın “Exiar” ixrac kreditləri və investisiyaların sığortalanması agentliyi və İtaliyanın SACE ixrac kredit agentliyi arasında imzalanıb. Rusiya prezidenti Vladimir Putin və İtaliyanın baş naziri Matteo Rentsinin iştirakı ilə Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində baş tutan təntənəli imzalanma mərasimində bildirilib ki, memoranduma əsasən yeni neft-kimya layihəsi üzrə Azərbaycanda qaz emalı və qaz-kimya zavodlarının tikintisində Rusiya və İtaliya tərəfdaşlarının da iştirakı nəzərdə tutulur.

''SOCAR Gas Plastics Company'' adlanan layihəyə ''Qazprombank'' maliyyə təminatı verir və Rusiya istehsalı olan avadanlığının xarici bazarlarda istifadəsi baxımından yeni imkanlar açır. İlkin hesablamalara görə, layihənin ümumi investisiya dəyəri 3,5 mlrd. ABŞ dolları həcmində dəyərləndirilir. Layihədə Rusiya avadanlığı və materiallarının tədarükünün potensialı və Rusiya podratçılarının tikinti-montaj xidmətlərinin dəyəri investisiya büdcəsinin 20%-i həcmində nəzərdə tutulur. “Qazprombank'' Azərbaycanda SOCAR-la birlikdə həyata keçirdiyi iri layihələri, Qrupun maliyyə və texnoloji imkanlarının birləşdirilməsinin uğurlu nümunəsi kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR