Dünya Bankı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR), yaxud Orta Dəhlizin tam potensialının açılması üçün Azərbaycanda tələb olunan investisiya ehtiyaclarını açıqlayıb.
"APA-Economics" xəbər verir ki, Dünya Bankının hesabatına əsasən, Azərbaycanda Orta Dəhliz üzrə prioritet investisiya ehtiyacı 2040-cı ilədək 1,16 mlrd ABŞ dolları qiymətləndirilir.
Hesabata görə, bu investisiyalar üç əsas istiqaməti əhatə edir.
Dünya Bankının hesablamalarına əsasən, Bakı–Ələt–Böyük Kəsik dəmir yolu xəttinin modernləşdirilməsinin tamamlanması üçün 260 mln dollar tələb olunur. Bu layihə qısa müddətli dövr üçün nəzərdə tutulur və hazırda icra mərhələsindədir. Layihə çərçivəsində əsas Orta Dəhliz xəttində elektrikləşdirmə sisteminin yenilənməsi və müasir siqnalizasiya avadanlıqlarının tətbiqi planlaşdırılır.
Digər istiqamət Azərbaycanda quru limanlar şəbəkəsinin yaradılmasıdır. Dünya Bankı bu layihə üzrə investisiya ehtiyacını 300 mln dollar həcmində qiymətləndirir. Layihə çərçivəsində Böyük Kəsik sərhəd-keçid məntəqəsində Qara dəniz və Türkiyə istiqamətlərinə xidmət göstərəcək quru limanın, Bakı Limanının genişləndirilmiş terminalı kimi logistika mərkəzinin və Azərbaycan-Ermənistan ərazilərindən keçməklə Karsa yönələn yeni Orta Dəhliz marşrutu üçün cənub logistika qovşağının yaradılması nəzərdə tutulur.
Hesabatda qeyd olunur ki, bu istiqamətdə Azərbaycan Dəmir Yolları QSC ilə tərəfdaşlıq çərçivəsində özəl kapitalın cəlb edilməsi imkanları da nəzərdən keçirilir.
Dünya Bankı Bakı–Ələt–Böyük Kəsik dəmir yolu xəttinin uzunmüddətli dövrdə ötürmə qabiliyyətinin artırılması üçün isə 600 mln dollar investisiya tələb olunduğunu bildirib. Bu layihənin 2030-cu illərdə reallaşdırılması və artan yük axınlarının qarşılanmasına xidmət etməsi nəzərdə tutulur.
Ümumilikdə, Dünya Bankı Orta Dəhlizin region üzrə tamhüquqlu iqtisadi dəhlizə çevrilməsi üçün 2040-cı ilədək tələb olunan prioritet tamamlayıcı investisiyaların həcmini 30,5 mlrd ABŞ dolları qiymətləndirir.