Bank Of Baku

NATO qoşunları sərhəddə, Rusiya qırıcıları Kalininqrad səmasında: Rusiya-Polşa sərhədindən XÜSUSİ REPORTAJ

NATO qoşunları sərhəddə, Rusiya qırıcıları Kalininqrad səmasında: Rusiya-Polşa sərhədindən XÜSUSİ REPORTAJ
# 28 sentyabr 2026 16:18 (UTC +04:00)

APA-nın Rusiya bürosunun Kalininqraddan, Rusiya-Polşa sərhədindən reportajını təqdim edirik

Kalininqraddayıq... Bura Rusiyanın qərbdəki ən sonuncu nöqtəsi, forpostudur. Polşa və Litva arasında, Baltik dənizinin cənub-şərq sahilində yerləşən bu ərazi Rusiyanın Avropadakı ən mühüm hərbi-strateji məntəqələrindən biri hesab olunur. Kalininqradın regionun mühüm kommunikasiya xətlərinə yaxın yerləşməsi Rusiyaya NATO-nun şərq cinahını izləmək imkanı verir.

Regionun Rusiya və NATO üçün əhəmiyyəti

Moskva üçün Kalininqrad həm NATO ölkələrinə təzyiq və çəkindirmə vasitəsi, həm də Baltikyanı regionda hərbi mövcudluğunu qorumaq və regiondakı hərbi vəziyyətə təsir etmək üçün mühüm platformadır. NATO baxımından isə Kalininqrad “A2/AD” zonası (anti-access and area denial-red.), yəni rəqibi çəkindirmək üçün artan təhlükə yaratmaqla müdafiə olunan əraziyə düşmən qüvvələrinin girişini və manevrini çətinləşdirən potensial zona kimi qiymətləndirilir.

Rusiya ilə NATO arasında gərginliyin əsas səbəbləri hərbi alyansın şərqə doğru genişlənməsi, Rusiyanın öz sərhədləri yaxınlığında NATO infrastrukturunu təhlükə kimi qiymətləndirməsi və Şərqi Avropa ölkələrinin Moskvanın siyasətindən ciddi narahatlıq keçirməsidir.

Rusiya ilə NATO arasında birbaşa müharibə ehtimalı bu gün Avropanın təhlükəsizlik gündəliyində ən ciddi məsələlərdən biri hesab olunur. Bu müharibənin başlayacağı təqdirdə, Kalininqradın ilk hədəf halına gəlməsi hər kəs üçün anlaşılandır. NATO ölkələrindən Kalininqrad barədə səslənən ittihamlar və mümkün Rusiya-NATO müharibəsi regionda narahatlıqla qarşılanır.

Kalininqradlı ekspert Viktor Şelginin sözlərinə görə, hazırda regionun Rusiyaya dost olmayan ölkələrlə əhatə olunması ciddi narahatlıq doğurur: “NATO bloku bizdən cəmi 50 kilometr məsafədə yerləşir. Sözsüz ki, bu məsələ bizi narahat edir. Bir neçə il bundan qabaq qonşularımızla dostluq münasibətlərimiz vardı. Polşa və Litva ilə bizi həm də biznes bağlayırdı, turistlər gedib gəlirdi. Əlbəttə ki, indi çox narahatıq. Kalininqrad vilayətinin sərhədləri yaxınlığında NATO qoşunlarının toplanması, mühəndis istehkamlarının qurulması, hərbi ritorika və Kalininqradın ünvanına təhdidlər bizi narahat etməyə bilməz”.

Polşalı ekspert: “Biz müharibə ssenarisinə hazırlaşırıq”

Eyni narahatlıq Polşada da müşahidə olunur. Varşavada hesab edirlər ki, Rusiya ilə Polşa və Rusiya ilə NATO arasında müharibə Moskvanın seçimidir. Polşa münaqişə istəmir, özü də Rusiya ilə müharibəni heç istəmir. Polşalı ekspertlərin fikrincə, Rusiya ilə müharibə onlar üçün heç bir strateji vəzifəni həll etmir.

“Nə qədər ki, Rusiya Ukrayna ilə müharibəni texniki, strateji, hərbi, iqtisadi və ideoloji planda uda bilmir, qərara gəlib ki, Ukraynadakı uğursuzluğunu münaqişəni horizantal şəkildə genişləndirməyə cəhd etməklə kompensasiya etsin. Anlaşılandır ki, münaqişə genişlənsə, Ukraynaya dəstək olmayacaq. Hazırda Rusiya ilə Polşa arasında hibrid müharibə gedir. Moskvanın Polşaya qarşı apardığı bu müharibə Rusiyanın Ukrayna ilə bağlı danışıqlarda formalaşdırdığı mövqeyinin bir hissəsidir. Rusiya demək istəyir ki, Ukraynanı bizə verin, yoxsa biz sizi qorxutmağa davam edəcəyik. Dron hücumları, hava sərhədinin pozulması, çoxsaylı diversiya aktları və s. Rusiya Polşaya qarşı hibrid müharibə aparır. Biz Rusiyanın etdiklərindən qorxmuruq. Onların diversiyalarından, dronlarından, raketlərindən qorxmadığımıza görə, Kreml “stavka”ları qaldırmaq qərarına gəlib. Moskva Ukraynadakı münaqişəni daha genişmiqyaslı müharibə ilə bitirmək istəyir. Təbii ki, bu müharibədə Kalininqrad vilayəti və Suvalki dəhlizi böyük rol oynayır. Suvalki dəhlizi isə Baltikyanı ölkələri Polşa və Avropa İttifaqı, NATO ilə birləşdirən quru yoldur. Biz inanmırıq ki, Rusiya Polşa və Baltikyanı ölkələrə qarşı müharibəyə getsin, Suvalki dəhlizini, yəni Kalininqradı coğrafi cəhətdən Belarusa birləşdirməyə cəhd etsin. Lakin biz bu ssenariyə hazırlaşırıq. Polşa ordusu, Polşa dövləti və hər şeydən əvvəl vətəndaşlarımız psixoloji cəhətdən bu ssenariyə hazırlaşır”, - polşalı ekspert Jakub Korejba bildirib.

Ekspertlər hesab edirlər ki, Rusiya–NATO qarşıdurması birbaşa müharibədən çox ilkin mərhələdə kiberhücumları, sabotaj, dron insidentləri və məhdud hərbi toqquşmalar formasında inkişaf edə bilər. Onların fikrincə, birbaşa müharibə ehtimalı olduqca risklidir. Ona görə nüvə silahları və qarşılıqlı çəkindirmə genişmiqyaslı eskalasiyanın qarşısını alan əsas faktorlardandır.

Rusiya qırıcıları Kalininqrad səmasında patrul xidməti aparır

Kalininqradda səfərdə olduğumuz zaman havada Rusiya qırıcılarının dəfələrlə uçuşlarının şahidi olduq. Deyilənlərə görə, qırıcılar Kalininqradın hava sərhədlərini qorumaq üçün patrul xidməti aparırlar. Hətta şəhərin mərkəzində gəzən zaman qırıcı təyyarələrin səsini tez-tez eşitmək də olur. Rusiya qırıcılarının Kalininqradın hava məkanında uçuşlarını müşahidə etdiyimiz zaman rəsmi Varşava Rusiyanın Mi-8 helikopterinin Kalininqrad vilayəti istiqamətindən Polşanın hava məkanını pozduğu haqqında məlumat yaydı. İddiaya görə, Rusiyanın məqsədi Polşanın Hava Hücumundan Müdafiə sistemlərinin hazırlıq səviyyəsini yoxlamaq olub.

Rusiyada Kalininqrada hücumun nüvə müharibəsi ilə nəticələnəcəyini hesab edirlər

Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko hesab edir ki, Rusiya Şimal alyansı ilə müharibə etmək istəmir.

“Öz gücü olduğunu hiss edən heç vaxt qışqırmır. Ona görə də Polşa və Litvanın bəyanatları zəifliyin və hərbi-siyasi cəhətdən natamamlığın göstəricisdir. Rusiya NATO ilə müharibə istəmir. Bu, bizə lazım deyil. Biz başlıca problemimizi həll edirik. İstəyirik ki, gələcəkdə Ukrayna ərazisindən bizə heç vaxt hərbi təhdid olmasın. Ona görə də kim nə bəyanat verir-versin. Bir daha təkrar edirəm, Rusiya qarşısına NATO ilə müharibə etmək məqsədi qoymayıb”, - rusiyalı ekspert vurğulayıb.

Bununla belə, Kalininqradın blokadaya alınması və ya təchizat yollarının bağlanması Moskvanın bunu birbaşa hərbi akt kimi qiymətləndirməsinə və eskalasiyaya səbəb ola bilər. Analitiklər Rusiyanın NATO-nun siyasi iradəsini yoxlamaq üçün kiçikmiqyaslı və sürətli əməliyyata cəhd edə biləcəyini müzakirə edirlər. Onların fikrincə, NATO-nun belə hücuma cavabının miqyasını proqnozlaşdırmaq çətindir. Bütün bu ehtimallar çəkindirməni gücləndirsə də, yanlış hesablama riskini özündə saxlayır.

“Əgər NATO Rusiya ilə müharibə etmək istəyirsə, şimal alyansı ilə Rusiya arasında hərbi əməliyyatların bütün formatları avtomatik olaraq o anlama gələcək ki, bu müharibə adi silahlarla getməyəcək. Bu, nüvə eskalasiyası deməkdir. Ona görə də Kalininqradı işğal etmək istəyən NATO ölkəsinə qarşı taktiki nüvə silahı tətbiq olunacaq, ola bilsin ki, sonra da strateji nüvə silahı tətbiq olunsun. Rusiya nə Almaniyanı, nə Polşanı, nə Litvanı təhdid edir, nə də NATO-da kimisə. Biz sadəcə deyirik: əgər siz birinci başlasanız, Rusiyaya təcavüz etsəniz, kütləvi nüvə zərbəsi alacaqsınız”, - Korotçenko qeyd edib.

Kalininqrad şəhərindən Polşa sərhədinə...

Kalininqrad şəhərindən vilayət istiqamətində, Polşa ilə sərhədə doğru gedirik. Yol boyunca qarşıda Polşanın yaşayış məntəqələrinin adının qeyd olunduğu yol işarələrinə rast gəlinir.

Kalininqradla Polşanın sərhəd ayrıcındayıq. Sol tərəf Polşanın Bezledı şəhərinə, sağ tərəf isə Rusiyanın Kalininqrad şəhərinə istiqaməti göstərir. Kalininqradın Polşa ilə sərhəddə yerləşən ən son yaşayış məntəqəsinə yollanırıq.

Bura Rusiyanın Kalininqrad vilayətnin Baqrationovsk şəhəridir. Keçmiş adı Eylau olan Baqrationovskun mərkəzindən NATO ölkəsi Polşa ilə sərhədə qədər olan məsafə 2 kilometrdir. Rusiya-NATO müharibəsi başlayacağı təqdirdə, toqquşmaların baş verəcəyi ərazilərdən bir də məhz Baqrationovsk hesab olunur.

6500 nəfərə yaxın əhalisi olan bu şəhər coğrafi cəhətdən Rusiya-NATO gərginliyinin tən ortasında yerləşsə də, öz sakit dövrünü yaşayır.

Baqrationovsk şəhərinin sakinləri ilə söhbət etmək imkanımız olur. 76 yaşlı Andrey bildirir ki, Polşa ilə müharibə ancaq televizorda gedir:

“Biz burada hər hansı bir gərgin vəziyyətin olduğunu hiss etmirik. Vəziyyət nə yaxşı, nə də pisdir. Müharibə ancaq televizorda gedir. Burada elə bir şey hiss olunmur. Ancaq şayiələr, söz-söhbətlər gəzir, başqa heç nə...”

Şəhər sakininin sözlərinə görə, ancaq rusiyalı yük maşınlarının sürücüləri sərhədi keçə bilir, o da işlə bağlı: “Polşalılar isə bizim sərhədi keçib, bu tərəfə gələ bilirlər, rusiyalılara isə o tərəfə keçməyə icazə verilmir”.

O, Ukrayna ilə müharibəyə qədər vəziyyət barədə isə bunları dedi: “Bilirsiniz, biz yaxın qohum, bacı-qardaş kimi yaşayırdıq. Onlar gəlib bizim şəhərdə yaşayırdılar, biz mənzilləri polşalılara kirayə verirdik, onlarla dostluq edirdik, zəngləşirdik, heç bir problemimiz yox idi”.

Rusiya eksklavı olan Kalininqrada bu gün ancaq dəmir yolu və təyyarə ilə getmək mümkündür. Rusiya vətəndaşları Moskva, Sankt-Peterburq, Adler və Çelyabinskdən dəmir yolu ilə Litva ərazisindən tranzit vasitəsi ilə Kalininqrada gedə bilirlər. Bunun üçün onlar ya aktiv Şengen vizasına, ya da Rusiya Dəmir Yollarının verdiyi sadələşdirilmiş dəmir yolu səyahəti sənədinə sahib olmalıdırlar. Litva ərazisində qatardan düşməyə icazə verilmir. Xarici vətəndaşlar dəmir yolu ilə ancaq Şengen vizası ilə Litvadan keçməklə Kalininqrada gedə bilərlər. Təyyarə ilə isə Sankt-Peterburqun hava məkanından Baltik dənizinin üzəri ilə Kalininqrada uçuş həyata keçirilir.

P.S. Bir sözlə, Kalininqrad NATO üçün “zəif nöqtə”dən çox, yüksək riskli hərbi-siyasi düyündür. O, Rusiyaya Baltik regionunda təzyiq və müdafiə imkanları verir, amma eyni zamanda coğrafi baxımdan təcrid olunmuş və resurs baxımından həssas mövqedə yerləşir. Əksər ekspert yanaşmaları da göstərir ki, regionda təhlükəli ssenari əvvəlcədən planlaşdırılmış böyük hücumdan çox, lokal insidentin siyasi təzyiq, kiberhücum və yanlış siqnallar vasitəsilə idarəolunmaz eskalasiyaya çevrilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR