Cənubi Qafqazın şimalında və cənubunda iki aktiv münaqişənin – Rusiya-Ukrayna müharibəsinin və İran-ABŞ qarşıdurmasının mövcudluğunu nəzərə alsaq, yüklərin daşınması və təhlükəsiz marşrutların təmin edilməsinin əhəmiyyəti daha da artır.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri Fərid Şəfiyev Bakıda BMTMM və “Links Europe” fondunun birgə təşkilatçılığı ilə keçirilən “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masada deyib.
“Düşünürəm ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri və Azərbaycanla tərəfdaşlıq çərçivəsində bu istiqamətdə daha fəal iştirak edəcək”, - Fərid Şəfiyev qeyd edib.
O, minalarla bağlı məsələyə də toxunub: “Təəssüf ki, minalardan təmizləmə istiqamətində Azərbaycana beynəlxalq yardım hələ də çox məhduddur. Ümumi göstəricilərə baxdıqda, bu yardımın cəmi 4 faiz təşkil etdiyini görürük. Münaqişənin regionda səbəb olduğu dağıntılara nəzər salmaq lazımdır. Belə ki, müharibənin nəticələri Ermənistan ərazisində yox, özünü Azərbaycanın ərazisində göstərir. Azərbaycan ciddi dağıntılara məruz qalıb və buna görə də əhəmiyyətli yardıma ehtiyacı var. Onu da qeyd etmək istərdim ki, gələn həftə İsveçrənin Sent-Qallen Universiteti ilə birlikdə daha böyük bir konfrans keçirəcəyik”.
Fərid Şəfiyev konfransda Avropa İttifaqına üzv ölkələrdən və digər dövlətlərdən bir sıra ekspertlərin iştirak edəcəyini bildirib: “Tədbirdə Cənubi Qafqazda ümumi təhlükəsizlik vəziyyətini müzakirə edəcəyik. Həmçinin, diplomatik korpusun nümayəndələrindən və bu sahə üzrə ekspertlərdən fikir və təkliflər eşitmək bizim üçün maraqlı olacaq”.