2027-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 867 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 49 milyon manat və ya 2,7 faiz, 2025-ci ilin icrası ilə müqayisədə 96,2 milyon manat və ya 5,4 faiz çoxdur.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Artım Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə əsasən idxal həcmlərinin artımla proqnozlaşdırılması gömrük rüsumu üzrə daxilolmalarında mühüm rol oynayıb. Belə ki, 2027-ci il üzrə idxalın həcmi 19 milyard ABŞ dolları səviyyəsində müəyyən edilmişdir ki, bu da cari ilin proqnozu ilə müqayisədə 0,3 milyard ABŞ dolları və ya 1,8 faiz, 2025-ci ilin faktiki icrası ilə müqayisədə isə 0,9 milyard ABŞ dolları və ya 5,0 faiz çoxdur.
Bundan əlavə, yol vergisi üzrə daxilolmalar 61 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2026-cı ilin proqnozundan 1 milyon manat və 1,7 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 17 milyon manat və ya 38,6 faiz çoxdur.
2025-ci ilin icrası ilə müqayisədə kəskin artım avtomobil benzininə və dizel yanacağına yol vergisi dərəcələrinin artırılması ilə əlaqədardır.