Azərbaycan XİN başçısı: “Xəzəryanı ölkələrin regional təhlükəsizliyin təminatında maraqlı olması əlavə səylər tələb edir” - YENİLƏNİB

Azərbaycan XİN başçısı: “Xəzəryanı ölkələrin regional təhlükəsizliyin təminatında maraqlı olması əlavə səylər tələb edir” - <span style="color: red;">YENİLƏNİB
# 22 aprel 2014 14:20 (UTC +04:00)

Bakı-APA. Xəzər dənizi əksər beynəlxalq və regional layihələrdə birləşdirici həlqə rolunda çıxış edir. Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft kəmərləri, habelə Bakı-Tiflis-Ərzurum qaz kəməri və Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi layihələrin uğuru dünyanın enerji təhlükəsizliyi və Xəzər regionu ölkələrinin iqtisadi inkişafına xidmət edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Moskvada Xəzəryanı ölkələrinin XİN başçılarının toplantısında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

E.Məmmədyarov Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-araşdırma kimi sahələrdə tərəflər arasında qarşılıqlı etimadın vacibliyini xüsusi qeyd edib.

“Xəzər dənizində hərbi qüvvələrin mövcudluğu və hərbi fəaliyyət bütün sahilyanı ölkələr üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi prinsipinə əsaslanmalıdır. Bu, region dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, habelə Xəzər dənizinin dostluq və əməkdaşlıq zonasına çevrilməsinə xidmət edəcək”, - deyə o vurğulayıb.

E.Məmmədyarov Azərbaycan tərəfinin ticarət gəmiçiliyi rejimi, gəmilərin digər ölkələrin ərazi zonalarından sərbəst keçməsi, habelə Xəzər dənizinin dibi ilə boru xətlərinin çəkilməsi hüququ ilə bağlı məsələlərin beynəlxalq dəniz hüququ normalarına uyğun olaraq danışıqlar prosesi çərçivəsində həllinə ümid etdiyini qeyd edib.

“Şübhəsiz ki, region ölkələrinin investisiya iqliminin yaxşılaşdırılması, enerji ehtiyatlarının hasılatı, təhlükəsiz kommunikasiyaların yaradılması, habelə Xəzər dənizi regionunda təhlükəsizlik və sabitliyin təminatında maraqlı olmaları bizdən bütün açıq qalan məsələlərdə anlaşmanın əldə edilməsi üçün əlavə səylər tələb edir. Biz əminik ki, beynəlxalq təcrübənin tətbiqi ilə başlanğıc xətlərlə bağlı məsələdəki konsensus ümumi anlaşmaların əldə edilməsinə xidmət edəcək. Biz Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi dibinin bölünməsi ilə bağlı imzalanmış sazişlərə böyük önəm veririk. Bu sazişlər Xəzərin hüquqi statusunun ayrılmaz hissəsidir və ümumi anlaşmaların əldə edilməsi üçün əsasdır”, - deyə o vurğulayıb.

Nazir Azərbaycanın Xəzərin hüquqi statusu ilə bağlı məsələnin danışıqlar yolu ilə həllinə sadiq qaldığını vurğulayıb. O qeyd edib ki, Xəzər regionu ölkələrinin əməkdaşlığı üçün hüquqi bazanın möhkəmlənməsi istiqamətində xeyli iş görülüb.

E.Məmmədyarov bildirib ki, Xəzər dənizində fövqəladə halların aradan qaldırılması və hidrometeorologiya sahəsində əməkdaşlığa dair sazişlər artıq hazırdır. Xəzərin bioloji resurslarının qorunması və rasional istifadəsi haqda saziş üzərində aparılan iş isə yekunlaşmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR