Azərbaycan rəssamlarının əsərləri Özbəkistanda geniş nümayiş etdirilməlidir.
Bunu APA-nın Daşkəndə ezam olunmuş əməkdaşına açıqlamasında Özbəkistanın Xalq Rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nuriddinov deyib.
Özbəkistan Rəssamlıq Akademiyasının sədri azərbaycanlı və özbək rəssamları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb: “Özbəkistanın bir sıra rəssamları Qarabağa və bir zaman işğal altında olmuş ərazilərə səfərlər edib, bu mövzuya həsr olunmuş əsərlər yaradıblar. Bəzi rəssamlarımız bu mövzuda hələ də işləməyə davam edirlər”.
Akmal Nuriddinov Azərbaycanın tanınmış sənət adamlarının Özbəkistan Rəssamlıq Akademiyasının fəxri akademikləri seçildiyini də diqqətə çatdırıb.
Akmal Nur həmçinin bildirib ki, noyabr ayında Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə azərbaycanlı rəssam Sakit Məmmədovun fərdi sərgisinin keçirilməsini planlaşdırırlar: “Sakit Məmmədov tanınmış rəssamdır, Özbəkistanda, eləcə də bir çox başqa ölkələrdə onu çox sevirlər. Sakit Məmmədov Nukus şəhərindəki İ.V.Savitski adına Dövlət İncəsənət Muzeyinə əsər hədiyyə etmək istəyir, bu da Özbəkistan tərəfi üçün böyük şərəfdir”.
Özbəkistan Rəssamlıq Akademiyasının sədri gələcəkdə Azərbaycan və Özbəkistanın rəssamlıq qurumları arasında əməkdaşlığın daha da genişlənəcəyini bildirib. Onun sözlərinə görə, Özbəkistan Rəssamlıq Akademiyası ilə Azərbaycanın müvafiq incəsənət qurumları arasında memorandum imzalanıb.
Özbəkistan Rəssamlıq Akademiyasının sədri nəzərə çatdırıb ki, 2012-ci ildə Azərbaycanda fərdi sərgisi olub: “Arzum yenidən Bakıda öz fərdi sərgimi keçirməkdir. Çünki Bakıda möhtəşəm muzeylər, sənətşünaslar, menecerlər və sərgi zalları var”.
Akmal Nuriddinov Azərbaycan rəssamlarının əsərlərinin Özbəkistanda daha geniş nümayiş etdirilməsinin tərəfdarı olduğunu da vurğulayıb.