BAMF Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı tədbirlər keçirib 

BAMF Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı tədbirlər keçirib 
# 04 aprel 2013 13:33 (UTC +04:00)


Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə bir sıra tədbirlər həyata keçirib. BAMF-ın informasiya departamentindən APA-ya verilən məlumata görə, Tərtər rayonunda keçirilən aksiyada BMT-nin, Tərtər Rayon İcra Hakimiyyətinin, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi layihəsini həyata keçirən BAMF-ın İcma Mina Aksiyası Komandasının, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) Tərtər regional bölməsinin, Qapanlı kəndi üzrə yerli hakimiyyət və özünüidarəetmə orqanlarının nümayəndələri, yerli və ətraf icmaların sakinləri, Qapanlı kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.

BMT-nin Azərbaycan nümayəndəliyinin ictimai informasiya departamentinin rəhbəri Envera Selimoviç bəşəri bir problem olan mina problemi və onunla mübarizə ilə bağlı BMT-nin Baş Katibi Ban Ki Munun məktubunu təqdim edib. Sonra Envera Celimoviç dünyada, o cümlədən Azərbaycanda mina problemi və bu problemin aradan qaldırılması istiqamətində beynəlxalq humanitar qurumların və xüsusilə BMT agentliklərinin gördüyü işlər barədə danışıb. BAMF-ın proqramlar və xarici əlaqələr departamentinin rəhbəri Nik Nvolisa və İcma Mina Aksiyası Komandasının əməliyyat meneceri Ramil Əzizov Azərbaycanda mina probleminin yaranması tarixindən, bu problemin aradan qaldırılması istiqamətində dövlətin və beynəlxalq humanitar təşkilatların, o cümlədən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlər əsasında BAMF-nin gördüyü işlər barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarına ANAMA tərəfindən verilmiş mina təhlükəsinə dair maarifləndirmə vasitələri hədiyyə olunub.

Elə həmin gün aksiya qonşu Bərdə rayonunda davam etdirilib. Belə ki, Tərtər rayonunda yaşayan və tingçiliklə məşğul olan mina qurbanlarının yetişdirdikləri 800-dən çox həmişəyaşıl bəzək ağacı BAMF-“Finca Azerbaijan” Qeyri Bank Kredit Təşkilatının birgə layihəsi əsasında Bərdə şəhərində qaçqınların və məcburi köçkünlərin də yaşadıqları ərazidə əkilib. Aksiyada BMT-nin Azərbaycan nümayəndəliyinin ictimai informasiya departamentinin rəhbəri Envera Selimoviç, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, AMZA-nın, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR