AZAL iyulun 1-dən Bakı-Split marşrutu ilə çarter aviareyslərinə başlayır

AZAL iyulun 1-dən Bakı-Split marşrutu ilə çarter aviareyslərinə başlayır
# 27 aprel 2012 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yay mövsümü ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Split (Xorvatiya) marşrutu üzrə birbaşa çarter aviareyslərini təşkil edəcək. Bu barədə «APA-Economics»ə «SW Travel» şirkətindən bildirilib.

Turizm şirkətindən verilən məlumata görə, Bakı-Split marşrutu ilə çarter aviareysləri iyulun 1-dən etibarən yerinə yetiriləcək: «Azərbaycan paytaxtından Splitə uçuşlar hər 10 gündən bir həyata keçiriləcək və ümumən Bakı-Split aviareysi 7 dəfə yerinə yetiriləcək. Belə ki, sözügedən marşrut üzrə ilk çarter reysi iyulun 1-də, digərləri isə müvafiq olaraq iyulun 10-da, 19-da, 28-də, avqustun 6-da, 15-də və 24-də «Airbus» tipli avialaynerlərlə həyata keçiriləcək».

Şirkətdən həmçinin bildirilib ki, Split şəhərinə iki nəfərlik 10 günlük turpaketin qiyməti hotelin statusundan asılı olaraq təxminən 1 800-2 500 manat təşkil edir: «Bu qiymətə aviabilet, aeroportdan hotelə və əks istiqamətdə transfer, sığorta, hoteldə 9 gecə və 10 gün qalma və 1, 2 və hətta 3 dəfə yemək (hotellərin təklifindən asılı olaraq) daxildir».

Qeyd edək ki, Split Xorvatiyanın ən iri kurort şəhərlərindən biridir. Şəhər Balkan yarımadasında Adriatik dənizin sahilində Zadar və Dubrovnik kurort şəhərləri arasında yerləşir. Split əhalisinin sayı təxminən 225 min nəfər təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR